Bakıda qanunsuz kazino aşkarlanıb

Bakıda qanunsuz kazino aşkarlanıb

4 Avqust 2011 18:16
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Vergilər Nazirliyinin qurumları Bakı şəhəri ərazisində qanunsuz olaraq kompüter avadanlıqları quraşdırmaqla kazino, qumar və totalizator tipli proqnoz oyunların təşkili hallarını aşkarlayıb.Bu barədə "APA-ECONOMICS"ə Nazirlikdən məlumat verilib. Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması və Vergi auditi departamentlərinin avqustun 2-də birgə keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı Səbail rayonu, Xəqani küçəsi,18 ünvanda yerləşən "Star" kafesində Əhmədov Rizvan Fazil oğlunun vergi orqanlarında uçota durmadan qanunsuz kompüter avadanlıqları quraşdırmaqla kazino, kart və domino ilə qumar oyunları təşkil etməsi aşkar olunub. Vergi əməkdaşları həmin obyektdən qumar oyunları üçün nəzərdə tutulmuş 14 kompüter dəsti, 30 kart, 11 domino, kartla qumar oyunları oynamaq üçün dairəvi stollar götürülüb. Oyunlar kafenin gizlin arxa otaqlarında təşkil edilib. Otaqlarda internet vasitəsilə kazino oyunlarının keçirilməsi, digərlərində isə kart və digər qumar oyunları üçün xüsusi şərait yaradılıb. Fakt üzrə müvafiq akt tərtib edilib.

Elə həmin tarixdə Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 11 nömrəli binanın qarşısında yerləşən obyektdə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı Hüseynov Naib Xanbala oğlunun vergi orqanlarında uçota durmasına baxmayaraq, qanunla qadağan edilmiş kazino oyunları, totalizator tipli futbol proqnoz oyunları ilə məşğul olduğu aşkar edilib. N.Hüseynova məxsus həmin obyektdən qumar oyunları üçün nəzərdə tutulmuş 10 ədəd kompüter dəsti, 506 ədəd futbol proqnoz cədvəli, futbol proqnoz qəbzləri, nağd pullar, müvafiq qeydlərin aparıldığı dəftərlər götürülüb.

Hər iki obyektdə vergidən yayınma hallarının müəyyən edilməsi məqsədilə götürülmüş sənədlər və maddi sübutlar Vergilər Nazirliyi yanında Vergi auditi Departamentində aparılan yoxlamaya təqdim edilib. Faktlar üzrə araşdırmalar davam edir.

Biznes də bir qumardır. Hər zaman udmaq olmur.

Tofiq Əliyev

O.M.