11 ayın sultanı Ramazan ayı başladı

11 ayın sultanı Ramazan ayı başladı

1 Avqust 2011 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanda Ramazan ayının ilk günü qeyd olunur.

Müqəddəs Ramazan ayı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlanıb. Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur. Ramazan ayının axırıncı 10 gecəsinin birində "Quran" nazil edilib. Bu gecə "leylətul-qadr" - qüdrətli, əzəmətli gecə adlanır. "Quran"da bu gecə haqqında belə yazılır: "Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1 000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür" (97:1-5). Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad arasında cinsi yaxınlıq və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 29-30 sutka davam edir. "Quran"da yazılır: "Yeyin, için, ta qara sap ağ sapdan seçilənədək, sonra qaranlıq düşənədək oruc tutun" (2:187). Orucluq islamdan əvvəl də mövcud idi. Hələ qədim ərəblər öz tanrıları rizasına oruc tuturdular. Bu barədə "Quran"da deyilir: "Sizlərə oruc tutmaq buyurulduğu kimi, sizdən əvvəlkilərə də buyurulmuşdur". Orucluq pəhrizi qurtarmaq - "id əl-fitr" bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır. Azərbaycanda Ramazan Bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Azərbaycanda Ramazan bayramı iki gün qeyd olunur.

Orucunuz qəbul olsun!

Günel Həbib