Gürcüstanda aşan qatarda Azərbaycana məxsus vaqonlar da olub

Gürcüstanda aşan qatarda Azərbaycana məxsus vaqonlar da olub

1 Avqust 2011 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan dəmiryolunda baş verən qəzanın nəticələri aradan qaldırılıb. Bu barədə APA-nın Gürcüstan bürosuna Gürcüstan Dəmiryol Departamentinin mətbuat xidmətinin rəhbəri İrma Stepnadze məlumat verib. Onun dediyinə görə, fəsadlar şənbə günü gecə saat 12-dən sonra aradan qaldırılıb və dəmiryolun Gürcüstanın qərbinə doğru uzanan yükdaşıma xətti istifadəyə verilib: "Həmin gün bütün gecə işləyən dəmiryolçular artıq yolun bir hissəsini iyulun 30-da açıblar, dünən gecə isə digər xətt istifadəyə verilib". Xatırladaq ki, iyulun 30-da Gürcüstanın Msxeta şəhəri yaxınlığında qərb istiqamətində hərəkət edən yanacaqla dolu 12 vaqon aşıb. Bu vaqonların 2-dən neft tökülüb, nəticədə dəmiryolu xətti ilə paralel qərb istiqamətinə uzanan avtomobil magistralında da tıxac əmələ gəlib və yolun nə vaxt açılacağı barədə məlumat verən olmayıb. İ.Stepnadze qeyd edib ki, hadisə yerində mütəxəssislər və neftin tökülməsi üzrə xüsusi xidmət sahəsinin işçiləri çalışıblar: "İyulun 30-da Gürcüstanın qərbi istiqamətində tərəf hərəkət edən vaqonlarda müxtəlif təyinatlı qarışıq məhsullar olub, o cümlədən qatara Azərbaycan, Qazaxıstan və Gürcüstana məxsus neft və ərzaq məhsullarından ibarət vaqonlar qoşulub. Tələfat yoxdur, ekologiyaya ziyan dəyməyib." Sözçü açıqlamasında dağılan iki vaqon neftin kimə məxsus olduğunu deyə bilməyib. Onun sözlərinə görə, araşdırma davam edir və bu barədə onun rəhbərlik etdiyi mətbuat xidmətinə də ətraflı məlumat veriləcək: "Vaqonların aşmasına səbəb bir yük vaqonunun təkərində olan nasazlıq olub. Hadisə ilə əlaqədar komissiya yaradılıb. Komissiya olayın səbəbləri barədə bizə və KİV nümayəndələrinə ətraflı məlumat veriləcək."

Tofiq Əliyev

O.M.