Həcc ziyarəti kvotası dolmayıb

Həcc ziyarəti kvotası dolmayıb

27 Avqust 2015 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Sənəd qəbulu bu ayın sonunda başa çatır

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlər dolmaq üzrədir. Bu barədə Apa –ya QMİ-dən məlumat verilib.

Hazırda 90 yer boş qalıb. Azərbaycana ayrılan yerlərdən nisbətən ucuz variant üçün 30 yer, nisbətən bahalı variant üçün isə 60 yer hələlik boşdur.

Azərbaycana ümumilikdə 2400 zəvvar yeri ayrılıb. Ziyarət üçün sənəd qəbulu bu ayın sonunda başa çatacaq.

Qeyd edək ki, bu il Azərbaycanda Həcc ziyarəti üçün sənəd qəbulu martın 11-də başlayıb. Ziyarət sentyabrın 11-də başlayacaq. Bu il ilk dəfə olaraq sənəd qəbulunun vaxtı əlavə iki ay uzadılıb. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki variantda təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, yeməklərlə təmin olunmaq və 4 nəfərlik otaqlarda yerləşmək üçün təklif olunan variant 5750 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq üçün təklif olunan variantın qiyməti isə 4700 dollardır. Zəvvarlardan pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ödənişlər ABŞ dolları ilə aparılır.

Mediainfo.az