Bakı zooparkında yeniliklər olacaq

Bakı zooparkında yeniliklər olacaq

21 Avqust 2015 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

"Yayda müşahidə edilən istilərdən Bakı zooparkında heyvan tələfatı olmayıb". Bu haqda Modern.az saytına Bakı zooparkının direktoru Azər Hüseynov məlumat verib.

Direktor istilərlə bağlı ayı, leopard, aslan, su quşlarının suyunun hər gün dəyişildiyini bildirib:

"Onların qəfəslərində ağaclar var, heyvanlar onun kölgəsində sərinləyə bilir. Heyvanlara rasiona uyğun qidalar verilir. Çox istilərdə ot yeyən heyvanlar otun üzərinə uzanır, ayı, pələng su hovuzuna girir".

Direktor zooparkdakı yeniliklərdən də danışıb: "Zooparkın girişində uşaqların sərbəst yemləməsi üçün ev heyvanları - quzu, keçi, dovşanlar, qırmızı balıqlar olacaq. Hazırda bununla bağlı işlər görülməkdədir".

Bu il pələng üçün yeni valer tikilərək iyun ayında istifadəyə verildi, onun üçün su hovuzu ilə bir yerdə 5 dəfə böyük sahə ayrıldı, oxatan kirpilərin yeri genişləndirildi".

Azər Hüseynova zooparka gəzintiyə gələn insanların ümumi gəldiyi nəticəni- heyvanların hər zaman ac-susuz, halsız görünməsi ilə bağlı iddiaları ilə qətiyyən razılaşmır:

"Bilmirəm, heyvanlara kim hansı gözlə baxır. Hava istidir, insanlar özləri də halsız görünür, bu təbiidir. İsti havada heyvanlar yataq otaqlarında yatır, su içir, kölgədə dincəlir. Bəlkə insanlar fikirləşir ki, vəhşi heyvandırsa, mütləq aqressivlik nümayiş etdirməlidirlər. Əgər sakinlər düşünürsə ki, bura sirkdir və heyvanlar nömrə nümayiş etdirməli, oynamalı, qaçmalıdır, onlar yanılır. Bura sirk deyil, zooparkdır".

Suallarımızın çoxluğundan şikayət edən zoopark müdiri bizi ora dəvət etdi.

P.S. Dəvətə qarşılıq olaraq xatırladım ki, hörmətli Azər müəllim, təxminən bir həftə əvvəl zooparkda olmuşam. İnanın, o heyvanlara baxanda ürəyim ağrıyıb. Ətrafı bürüyən üfunət qoxusundan daxil olduğum kimi oradan çıxmağa çalışmışam. (musavat)

Mediainfo.az