Mətbuat işçiləri Cavid Hüseynovla bağlı prezidentə ünvanlanmış müraciətdən boyun qaçırdılar

Mətbuat işçiləri Cavid Hüseynovla bağlı prezidentə ünvanlanmış müraciətdən boyun qaçırdılar

20 Avqust 2015 10:50
557
Bəyəndim (0) Bəyənmədim (0)

Aqil Abbas: "Müraciəti çap etdirsələr, görərlər ki, orda mənim imzam yoxdur"; Ruslan Bəşirli: "Xahiş edirəm, adımı çıxarsınlar"

Aqil Camal: "Müraciətin mətnini istədim..."

Jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən "Qəbələ" futbol klubunun kapitanı Cavid Hüseynovun zaminliyə buraxılması ilə bağlı bir qrup media təmsilçisinin prezident İlham Əliyevə və baş prokuror Zakir Qaralova müraciət etməsi barədə xəbər vermişdik.

Maraqlıdır ki, müraciət mətbuatda işıqlanandan dərhal sonra siyahıda adları olan bəzi jurnalistlər belə bir müraciətdən xəbərsiz olduqlarını deyiblər.

Məsələn, avropa.info xəbər portalının direktoru Ruslan Bəşirli müraciətdə adının keçməsinə belə reaksiya verib: "Futbolçu Cavid Hüseynovla bağlı edilən müraciətdə anlaşılmazlıq nəticəsində mənim də adım gedib. Bir çox saytlar mənim adımı artıq o siyahıdan çıxarıblar. Qalanlardan da xahiş edirəm adımı çıxarsınlar. Yenə də deyirəm, bu bir anlaşılmazlıq olub".

"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal da eyni fikirləri bölüşüb: "Bəzi saytlarda futbolçu Cavid Hüseynovun zaminə buraxılması ilə bağlı bir qrup media təmsilçisinin müraciətində mənim də adım qeyd olunub. Bildirmək istəyirəm ki, müraciətin təşəbbüsçüləri mənimlə əlaqə saxlayıblar. Müraciətin mətnini istəmişəm. Belə bir xəbərin yayıldığı haqda məlumat aldım. Dəqiqləşdirəndə, bildirdilər ki, müraciəti çatdırmaq imkanı olmayıb. Mənim Cavidlə bağlı fikirlərim birmənalıdır və bu haqda yazım da var".

Dünya İnformasiya Agentliyinin (dia.az) baş redaaktoru Məhəmməd Ərsoy isə müraciətdən xəbərdar olduğunu deyib:

"Təbii ki, biz də həmkarımızın başına gələn faciədən üzülürük... Amma bu işdə Cavid Hüseynova qarşı ictimaiyyətin köklənməsini doğru hesab etmirik. Hər kəs yaxşı bilir ki, Cavid Hüseynov bir şəhid övladı olaraq vətəninə, millətinə bağlı adam olub və onun öz millətindən olan kiməsə qarşı hansısa formada - ölümünə belə düşmən ola biləcəyini güman etmək doğru deyil. Bir faciə baş verib. Və buna görə günahkarlar cavab verəcək. Cavid Hüseynov isə bu faciədə zərərçəkən tərəflərdən biridir... Allah şeytana lənət eləsin... "

Xalqxeber.com saytının rəhbəri Peyman Sadıqov deyib ki, söhbətin jurnalist, 7gun.az saytının baş redaktoru Cavid Şirəliyevdən getdiyini düşünüb və buna görə müraciətin imzalanmasına razı olub.

Deputat Aqil Abbas isə avqustun 18-də verdiyi açıqlamada bu müraciəti dəstəklədiyini və təsisçisi olduğu media orqanının adından qol çəkməyə razı olduğunu bildirib: "Mən Cavid Hüseynovu həbsdə görmək istəmirəm. O, xalqa lazımdır. Razıyam, əgər günahı sübut olunsa, 10 il iş versinlər. Hələ istintaq gedir. Onun da Rasim Əliyev kimi ev-eşiyi yanıb, dağılıb. Vaxtilə erməni bir tərəfdən yandırıb, indi də bir tərəfdən yanır".

A.Abbas avqustun 19-da təsisçisi olduğu adalet.az saytına açıqlamasında isə tamam fərqli mövqe sərgiləyib. Qeyd edib ki, belə bir müraciətə imza atmayıb: "Mənə futbolçu Cavid Hüseynovla bağlı müraciət olundu. Mən də onlara bildirdim ki, müraciətinizi aparın "Ədalət" qəzetinə təqdim edin. Məsləhət bilsələr çap edərlər".

A.Abbas deyir ki, hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Belə bir məqamda bu kimi müraciətlərə imza atmaq hüquqi cəhətdən düzgün deyil: "Millət vəkili kimi çox gözəl bilirəm ki, istintaqı aparılan hər hansı bir işlə bağlı olan müraciətə imza atmaq bu işə müdaxilə etmək deməkdir. Bizdə isə istintaq və məhkəmə sistemi tam müstəqildir. Onların fəaliyyətinə təsir göstərməyə heç kimin haqqı çatmaz. Həmin müraciəti çap etdirsələr, görərlər ki, orda mənim imzam yoxdur". (musavat)

Mediainfo.az