XİN: “Eynulla Fətullayev üzr istəməlidir”

XİN: “Eynulla Fətullayev üzr istəməlidir”

18 Avqust 2015 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Xarici İşlər Nazirliyi bəzi KİV-lərdə Azərbaycan Respublikasının Livanın paytaxtı Beyrut şəhərində yerləşən Suriya Ərəb Respublikasındakı səfirliyinin erməni məhəlləsində yerləşməsi və bununla əlaqədar Azərbaycanın xüsusi xidmət orqanları və XİN-in tədbir görməli olması barədə gedən yazılara münasibət bildirib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki,`Haqqın.az portalında verilmiş məlumat həqiqətdən və peşəkar jurnalizmdən kənardır. Təsdiq olunmamış və "Yellow page" tipli mənbələrdən götürülən səhv məlumatı həqiqət kimi təqdim etmək heç bir çərçivəyə sığmır. Məlumat ilk növbədə yoxlanılmalı və oxuculara düzgün məlumat çatdırılmalıdır.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Beyrutdakı diplomatik nümayəndəliyi Nəqqaş Rabia rayonunda digər səfirliklərlə qonşuluqda yerləşir:
`Burc Hammud tamamilə başqa istiqamətdir. Yəqin ki, Eynulla Fətullayev hələ də fəxri konsulluq ilə səfirliyin fərqini bilmir. Azərbaycanın Beyrutdakı fəxri konsulluğunun fəaliyyəti hələ çoxdan bağlanıb. Yaxın Şərqə bir-iki günlük səfərdən fərqli olaraq, Azərbaycan diplomatları ölkəmizin milli maraqları naminə çətin təhlükəsizlik şəraitində xidmət edirlər. Regionda qulluq edən Azərbaycan diplomatlarının bir çoxunun Yaxın Şərqdə 20-30 illik iş təcrübəsi vardır. Bu kimi məsuliyyətsiz fəaliyyət ilə xüsusilə Livanda Azərbaycan diplomatlarının və onların ailə üzvlərinin həyatı təhlükə altına qoyulur`.
O, qeyd edib ki, Eynulla Fətullayev yaydığı bu yalan məlumatlara görə üzr istəməlidir:
`Xarici İşlər Nazirliyi olaraq həmişə peşəkar jurnalistlərin əməyini yüksək qiymətləndirmiş və böyük hörmətlə yanaşmışıq`.

Mediainfo.az