Korrupsiya halına görə 3 yol polisi işdən qovuldu

Korrupsiya halına görə 3 yol polisi işdən qovuldu

6 İyul 2011 17:13
993
Bəyəndim (0) Bəyənmədim (0)

Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin üç əməkdaşı korrupsiya faktı ilə əlaqədar işdən qovulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında faktı təsdiqləyib. DYP əməkdaşlarının işdən çıxarılmasının səbəblərinə gəldikdə, E. Zahidov bildirib ki, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar bu ilin yanvarında Daxili İşlər Nazirliyində Tədbirlər Planı hazırlanaraq daxili işlər naziri, general polkovnik Ramil Usubovun göstərişi ilə icraya yönəldilib: "Bu sənəddə xidməti fəaliyyətdə vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyaya şərait yaradan halların tam aradan qaldırılması, bu sahəyə nəzarətin daha da gücləndirilməsi haqda konkret tapşırıqlar var. Qeyd olunan Tədbirlər Planının icrası ilə əlaqədar mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirilir".

Belə bir tədbir keçirilən zaman Oğuz rayonu ərazisində "Mercedes" markalı avtomaşın sürət həddini aşdığına görə həmin ərazidə xidmət aparan Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları - polis leytenantı Əli Quliyev və polis serjantı Pərviz Həsrətov tərəfindən saxlanılması müşahidə edilib. Pərviz Həsrətov sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə tədbir görülməməsi üçün danışıqlar apardıqdan sonra qayda pozuntusunu rəsmiləşdirmədən avtomaşını buraxıb. Həmin vaxt ora gələn DYPB-nin baş inspektoru, polis kapitanı Rövşən Əhmədov da qeyd edilənləri bilsə də, heç bir tədbir görməyib.

Bununla əlaqədar aparılan xidməti təhqiqat zamanı Oğuz RPŞ-nin Yol Patrul Xidməti əməkdaşlarının qanunsuz hərəkətləri tam sübut olunub. Daxili işlər naziri Ramil Usubovun iyulun 4-də imzaladığı əmrə əsasən, onların hər üçü tutduqları vəzifədən azad ediliblər.

E. Zahidov həmçinin bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.

Qanun keşikçiləri qanunu pozdu.

Tofiq Əliyev

O.M.