“Azərsu”nun  keçmiş işçiləri əhalidən su pulu yığır

“Azərsu”nun keçmiş işçiləri əhalidən su pulu yığır

6 İyul 2011 16:17
811
Bəyəndim (0) Bəyənmədim (0)

Son zamanlar özünü "Azərsu" ASC-nin müfəttişi kimi təqdim edən, eləcə də vaxtilə bu qurumda işləmiş və sonradan işdən çıxmış bəzi şəxslər mənzillərə gedərək vətəndaşlardan su və kanalizasiya xidmətlərinin, həmçinin cərimə aktlarının yazılmaması müqabilində nağd pul tələb edirlər. Bu barədə "APA-ECONOMICS"ə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə halların baş verməməsi üçün "Azərsu" ASC abunəçilərin nəzərinə çatdırır ki, onlara müraciət edən nəzarətçilərdən xidməti vəsiqələrini tələb etsinlər, vəsiqəsi olmayan şəxsləri mənzillərinə buraxmasınlar və onların müraciətlərini cavablandırmasınlar. Nəzarətçilər vəsiqələrini təqdim etmədikdə və ya digər qanunazidd hərəkətlərə yol verdikdə dərhal yerli Sukanal Sahəsini məlumatlandırsınlar. "Abunəçilərdən xahiş olunur ki, heç bir halda su və kanalizasiya xidmətlərinin haqqını nağd şəkildə nəzarətçilərə verməsinlər, ödənişləri poçt və bank şöbələrində aparsınlar" - deyə məlumatda bildirilir.

"Azərsu" ASC bir daha abunəçilərin nəzərinə çatdırır ki, su təsərrüfatı işçilərinin davranışları, qeydiyyat, borc və sayğaclarla bağlı hər hansı problem olarsa, eləcə də su xətlərində qəza, kanalizasiya xətlərində tutulmalar baş verərsə dərhal yerli Sukanal Sahələrinə məlumat versinlər.

İmkan verməyin ki, "cibinizə girsinlər".

Tofiq Əliyev

O.M.