Ötən ay ölkədən 985 əcnəbi vətəndaş çıxarılıb

Ötən ay ölkədən 985 əcnəbi vətəndaş çıxarılıb

4 İyul 2011 13:37
868
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin iyun ayı ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (DMX) 2 295 müraciət daxil olub. DMX-dən APA-ya verilən məlumata görə, müraciətlər ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib. Həmçinin DMX əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. Keçirilmiş tədbirlər nəticəsində 1.191 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 206 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 827 əcnəbi barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 158 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib. 153 nəfər əcnəbinin 16 yaşı tamam olmadığından həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmayıb.

Tofiq Əliyev

O.M.