Venesuela prezidenti cərrahi əməliyyat olundu

Venesuela prezidenti cərrahi əməliyyat olundu

1 İyul 2011 11:06
776
Bəyəndim (0) Bəyənmədim (0)
Prezident öz ölkəsinin həkimlərinə etibar etmədi

Kubada iki dəfə əməliyyat olunan 56 yaşlı Venesuela prezidenti Uqo Çaves dünən xalqa müraciəti zamanı bildirdi ki, onun bədənindən şiş kəsilərək götürülüb və o sağalmağa başlayıb. Lider xəstəliyinə açıqlama gətirərək deyib: "Araşdırmalar göstərdi ki, kanserogen hüceyrələrin yaratdığı şiş tam kəsilməli idi. Mən həyatım boyu səhhətimə fikir vermirdim, tibb müayinələrdən imtina edirdim, xəstələndiyim zaman müalicələrə dırnaqarası baxırdım. Amma indi görürəm ki, səhv eləmişəm. Əslində, Havanaya ona görə gəlmişdim ki, sol dizimdə ağrılar var idi. Amma müayinə prosesində digər xəstəliklərim də üzə çıxdı."

Venesuela rəhbərinin intrabasin (çanağının içi) bölgəsində fır (xoşxassəli şiş) müəyyən edilərək cərrahi müdaxilə yolu ilə götürülmüşdür. Bundan sonra orqanizmə intensiv surətdə antibiotiklər yeridilərək bədənin inkişaf təkamülünə nail olundu. Lakin təkrar müayinə zamanı həkimlər buna qədər müşahidə olunmayan yad hüceyrələrin yarandığının şahidi oldular. Fakt təsdiqini tapdıqdan sonra ikinci əməliyyata start verildi.

Venesuela prezidentinin Kubada müalicəsi istər region ölkələrində, istərsə də digər dövlətlərdə birmənalı qarşılanmadı. Mayamidə (ABŞ) çıxan ispandili El Nuevo Herald qəzeti ABŞ kəşfiyyatına istinadən bildirir ki, Uqo Çavesin səhhəti kritik dərəcədə pisləşib, onda onkoloji xəstəlik var və o, düşmənlərinin çox olduğundan şübhələndiyi üçün öz ölkəsinin həkimlərinə etibar etməyib.

Dünyada ən dəyərli nemət cansağlığıdır. Onun dəyəri itirdikdən sonra qədrini bilməyin faydası yoxdur...

Natiq Qocaman

O.M.