Sabahdan pensiyalar artacaq

Sabahdan pensiyalar artacaq

30 İyun 2011 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən il yanvarın 1-dək pensiyaya çıxan şəxslərin pensiya məbləğini orta hesabla 40 faiz artırmağı nəzərdə tutan "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər sabahdan qüvvəyə minəcək. Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Elşən Məmmədəliyevin verdiyi məlumata görə, dəyişikliklərə əsasən 2006-cı il yanvarın 1-dək pensiya təyin olunmuş şəxslərin pensiyaları iş stajına uyğun olaraq hesablanacaq. Artım təxminən 1 milyona yaxın pensiyaçını əhatə edəcək və orta hesabla 40 faizə yaxın olacaq. "Artım həm 2006-cı il yanvarın 1-dək, həm də 2010-cu il yanvarın 1-dək təyin olunan pensiyaçıların hamısına şamil edilir. Əmək pensiyası əmək stajına əsasən yenidən hesablanacaq. Əmək ilinin hər ili üçün 1, 94 manat əmsalı tətbiq olunacaq. Hesablama nəticəsində staj 1,94-ə vurulacaq və alınan rəqəmə pensiyanın baza hissəsi olan 85 manat əlavə olunacaq. Məsələn, 2006-cı il yanvarın 1-dən təqaüdə çıxan pensiyaçının 30 il stajı varsa bunu 1,94-ə vurur, üzərinə pensiyanın baza hissəsi olan 85 manatı gəlirik. Bu da 143 manat edir".

E.Məmmədəliyev daha bir maraqlı məqamı qeyd edib. Belə ki, əgər vətəndaşın aldığı pensiyasının məbləği 143 manatdan yuxarıdırsa, bu vətəndaş elə əvvəlki məbləği almağa davam edəcək. Hesablama nəticəsində alınan məbləğ vətəndaşın əvvəldən adlığı pensiyadan aşağı olsa, əvvəlki məbləğ saxlanılacaq. Yenidən hesablama nəticəsində kimdə məbləğin əvvəlkindən yüksək olması məlum olarsa, dəyişiklik həmin vətəndaşlara şamil olunacaq. "Artımların maliyyələşməsi üçün bir il ərzində təqribən 0,5 milyard dolara yaxın vəsait tələb olunacaq", - deyə şöbə rəisi qeyd edib.

Pensiyaların artması yaşayış səviyyəsini də qaldıracaq.

Günel Həbib

O.M.