Azərbaycanda sosial internet ideyaları müsabiqəsi keçiriləcək

Azərbaycanda sosial internet ideyaları müsabiqəsi keçiriləcək

27 İyun 2011 17:34
Bəyəndim (0) Bəyənmədim (0)
Qaliblərə pul mükafatı veriləcək

Sosial Yeniliklər Düşərgəsindən aldığımız məlumata görə, İyul ayında Azərbaycanda sosial internet ideyaları müsabiqəsi keçiriləcək. Sosial Yeniliklər Düşərgəsi (SYD) adlanan bu müsabiqənin məqsədi - əhalinin sosial problemlərini həll edəcək və ya əhalinin sosial tələbatlarına cavab verəcək ən yaxşı internet əsaslı layihələri müəyyən etməkdir. Düşərgə mərkəzi Praqada yerləşən "Transitions" təşkilatı tərəfindən həyata keçirilir. Təşkilatçıların məqsədi bu tipli internet ideyaların arasından ən yaxşılarını seçmək, eləcə də qalib gəlmiş layihəyə düşərgədən sonra reallaşdırılmaq üçün konsaltinq xidmətini təşkil etməkdir.

SYD-yə yaş, cins və digər məhdudiyyətlər olmadan ideya sahibi və ya ideyaların reallaşmasında iştirak edən şəxs kimi qoşulmaq olar. Düşərgə zamanı təşkilatçılar bu iki qrupdan olan şəxsləri (ideya müəlliflərini və bu ideyaların həyata keçirilməsinə yardım edəcək insanları) bir araya gətirərək onların göndərilmiş ideyalara müvafiq olaraq komandalarda işləməsini təmin edəcəklər və iki gün ərzində komandalar ideyalarını layihə şəklinə salacaqlar. Sonda bu komandalardan münsiflər tərəfindən ən çox dəstəklənən iki komanda layihələrini reallaşdırmaq üçün pul mükafatı alacaq. Qeyd edək ki, düşərgə zamanı layihələrin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılacaq və münsiflər heyətinin böyük hissəsi SYD üzrə əcnəbi mütəxəssislər olacaq.

Hazırda düşərgəyə ideya qəbulu və iştirakçı müraciətləri açıqdır və qeydiyyat üçün son tarix 2 iyuldur. İdeya sahibi qismində istənilən şəxs müraciət edə bilər. İştirakçı qismində qatılmaq üçün isə əsasən bu kateqoriyadan olan şəxslər tələb olunur: proqramist, veb-developer, koder, veb-dizayner, jurnalist, bloqçu, marketoloq, brend mütəxəssisi, mediator, layihələr üzrə mütəxəssis və digər sosial aktiv şəxslər.

Tədbirə başqa şəhərdən gələcək iştirakçıların yemək, qalmaq və nəqliyyat xərcləri (müvafiq çeklər və biletlər təqdim olunduqda), tədbir keçiriləcək şəhərdən qatılacaq iştirakçıların isə yalnız yemək xərcləri təşkilatçılar tərəfindən ödənəcək.

İdeya sahibi və ya iştirakçı kimi müraciət etmək, ideyalara verilən tələblərlə tanış olmaq, eləcə də tədbir haqqında daha ətraflı məlumat almaq üçün Sosial Yeniliklər Düşərgəsinin saytına daxil ola bilərsiniz: www.syd-az.net

Xatırladaq ki, Azərbaycanda ilk belə tədbir ötən il sentyabrın 18-19-da məhz "Transitions" təşkilatı tərəfindən keçirilmişdi.

İdeyadan pul qazanmaq, bu zaman səmərəli istirahət etmək yaxşı ideyadır...

Hafiz Əhmədov

O.M.