“Jiquli” “Mercedes”lə toqquşdu

“Jiquli” “Mercedes”lə toqquşdu

27 İyun 2011 11:04
733
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın Səbail rayonu ərazisində, 6-cı mədən deyilən ünvanda yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı Bibiheybətdən Bayıl qəsəbəsi istiqamətində yeni salınmış yolla hərəkət edən "Mercedes" və "VAZ 2107" markalı avtomaşınlar toqquşub. "Mercedes" markalı maşının sürücüsünün qəzadan sonra idarəetməni itirməsi həmin nəqliyyat vasitəsinin yolun kənarındakı işıq dirəyinə çırpılması ilə nəticələnib. İşıq dirəyi aşmaqla yanaşı avtomobillərə ciddi ziyan dəyib. Avtomobildə olan sərnişin - 29 yaşlı Əliyeva Zibeydə Nurəli qızı xəsarət alıb. Yaralı hadisə şahidlərinin yardımı ilə xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı həkimlər ona qapalı kəllə beyin travması diaqnozu təyin ediblər. Yol qəzasının baş verdiyi ünvanda isə Səbail rayon polis idarəsinin və dövlət yol polis şöbəsinin əməkdaşları araşdırmalar aparıb. "Mercedes" markalı maşının sürücüsünün polis əməkdaşlarına verdiyi ilkin ifadədən məlum olub ki, hər iki avtomobil eyni istiqamətdə hərəkət edirmiş. Sadəcə "VAZ 2107" markalı minik maşınının sürücüsü ötmə qaydalarını pozub və yolun sağından soluna qəfil dönüş etmək istəyib. Onun arxadan gələn "Mercedes" markalı maşının qarşısına çıxması qəzanı qaçılmaz edib. Faktla bağlı araşdırma gedir.

İşıq dirəyi aşsa da hadisənin qaranlıq məqamlarına polis işıq salacaq.

Tofiq Əliyev

O.M.