Həkimlərin imtahan nəticələri açıqlanıb

Həkimlərin imtahan nəticələri açıqlanıb

24 İyun 2011 17:05
1 154
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin iyunun 22-də keçirilmiş imtahanlarının nəticələri açıqlanıb. Test imtahanı laboratoriya işi, anesteziologiya, reanimotologiya və ümumi cərrahiyyə ixtisasları üzrə keçirilib. İmtahanda 41 həkim iştirak edib və onlardan 37-si uğur qazanıb. Xatırladaq ki, sertifikasiyaya dair test imtahanlarına 2011-ci ilin yanvarında start verilib. İmtahanda 100 sualdan ən azı, 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılırlar. Sertifikasiyadan keçən həmin şəxslərə 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verilir. İmtahanlarda uğur qazana bilməyən həkimlər isə 6 aylıq kurslara cəlb edilirlər.

Həmişə həkimlər diaqnoz qoyur, bu dəfə isə həkimlərin biliklərinə diaqnoz qoyuldu.

Tofiq Əliyev

O.M.