Vergidən yayınanların işi ekspertizaya göndərildi

Vergidən yayınanların işi ekspertizaya göndərildi

6 Yanvar 2015 15:36
490
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov Rayon Məhkəməsində vergidən yayınma, sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Rüfət Həbilov və Qabil Qasımovlun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Məlumata görə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş məlumat əsasında aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, mebel satışı ilə məşğul olan "Verona Lux" mağazasına rəhbərlik Rüfət Həbilov tərəfindən həyata keçirilir.

Araşdırma zamanı mağazada satılan mebellərin İtaliya istehsalı kimi təqdim olunduğu, lakin faktiki olaraq Biləcəri qəsəbəsində yerləşən "Səma LTD" MMM-ə məxsus olan mebel fabrikində hazırlandığı, mebellərin birbaşa fabrikdən evlərə aparılaraq quraşdırıldığı, satılan mebellərə görə sifarişçilərə ciddi uçot blankı olan sənədlərin verilmədiyi, əhali ilə nağd hesablaşma qaydalarının pozulması halları da müəyyən edilib. Həmin mağazada və fabrikdə keçirilmiş tədbirlər zamanı mühasibatlıq və "qara mühasibatlıq" sənədləri, fəaliyyəti əks etdirən elektron məlumatların saxlanıldığı kompüter prosessorları aşkar olunaraq götürülüb.

Toplanmış materiallar Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə göndərilmiş və aparılmış səyyar vergi yoxlamaları nəticəsində Rüfət Həbilovun 562 min 483,61 manat və "Səma LTD" MMM-nin 549 min 699,49 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırılmaları müəyyən edilib. Rüfət Həbilov bu əməllərini Qabil Qasımovla birlikdə törədib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 32.5, 213.1-ci (vergidən yayınmaqda iştirak etmək) 213.2.2-ci (vergidən yayınmaq və 320.1-ci (sənədləri saxtalaşdırma) maddələri ilə, Qabil Qasımov isə Cinayət Məcəlləsinin 213.1 və 320.1-ci maddələri ilə ittiham edilir. Hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin işi üzrə ekspertiza təyin edilib. Məhkəmə sənədlərə edilən imzaların yoxlanılması üçün ekspertiza təyin olunması barədə qərar qəbul ediblər. Bu səbəbdən məhkəmə qeyri müəyyən vaxtadək təxirə salınıb.

İnarə Rafiq