İl ərzində 266 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

İl ərzində 266 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

29 Dekabr 2014 16:02
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 23-də 1607 bələdiyyə üzrə 15 mindən çox bələdiyyə üzvlüyünə seçkilər keçirilib, aşkarlığın təmin edilməsi məqsədi ilə səsvermə prosesi 1000 məntəqədə quraşdırılmış veb-kameralar vasitəsilə canlı yayımlanıb.

Apa-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında qeyd olunub. Bildirilib ki, vətəndaş fəallığı ilə baş tutan seçkilərdə 1.9 milyona yaxın seçici iştirak edib.

Bələdiyyələrin milli (şəhər, kənd və qəsəbə) assosiasiyalarının iştirakı ilə keçirilmiş tədbirdə, həmçinin, Azərbaycan bələdiyyələrinin elektron portalının təqdimatı keçirilib.

Portalda vətəndaşlar yerli özünüidarəetmə orqanlarına onlayn rejimində müraciət etmək, bələdiyyələr, bələdiyyə assosiasiyaları, onların dislokasiyası və fəaliyyətinə dair məlumatlar, statistik göstəricilər, həyata keçirdikləri xidmətlər və s. barədə informasiya almaq imkanı əldə edəcəklər.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzəyə də baxılıb. Bildirilib ki, 2014-cü ildə inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 54.000-ə çatıb, onlardan 1700-dən çoxu nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Bələdiyyə aktlarının surətlərinin qanunvericiliyə uyğun olaraq vaxtında təqdim edilməməsinə görə 266 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Bələdiyyənin fəaliyyətində aşkar edilmiş ciddi hüquq pozuntuları ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 40 material prokurorluğa göndərilib. Bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 3.300 hektara yaxın torpaq sahəsi geri qaytarılması təmin olunub. Məruzənin MM-ə təqdim olunması barədə qərar qəbul olunub.

Mediainfo.az