Rüşvətdə təqsirləndirilən keçmiş vəkilin məhkəməsi başlayıb

Rüşvətdə təqsirləndirilən keçmiş vəkilin məhkəməsi başlayıb

26 Dekabr 2014 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət vermədə təqsirləndirilən Əliabbas Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı yanvarın 7-nə təyin olunub.

Qeyd edək ki, "Yasavul" MMC-nin direktoru Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Əliabbas Rüstəmov VN-nin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb.

Baxış zamanı Əliabbas Rüstəmovun üzərindən 95 min manat məbləğində nağd pul, habelə xidməti otağından ibtidai istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülüb. Əliabbas Rüstəmov Cinayət Məcəlləsinin 312.2-ci (rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Əliabbas Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.

Mediainfo.az