"İrəli" İctimai Birliyinin təsis edilməsinin 6 illiyi ilə əlaqədar tədbir keçirilib

"İrəli" İctimai Birliyinin təsis edilməsinin 6 illiyi ilə əlaqədar tədbir keçirilib

24 Dekabr 2014 12:29
Bəyəndim (0) Bəyənmədim (0)
Tədbirdə bir çox tanınmışlar iştirak edib

Bu gün "İrəli" İctimai Birliyinin təsis edilməsinin 6 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən təşkilatın sədri Mirhəsən Seyidov bildirib ki, "İrəli" yarandığı gündən Azərbaycanda gənclər siyasəti istiqamətində atılan addımlarda yaxından iştirak edir. O deyib ki, ölkə başçısı İlham Əliyevin doğum günündə yaradılan təşkilat onun siyasi kursunu dəstəkləyir və gənclərə qayğısını daim hiss edir: "Təşkilatın əsas məqsədi gənclərimizin maraqları çərçivəsində olan bütün sahələrdə fəaliyyət göstərmək və gənclərin fərdi inkişafına töhfə verməkdən ibarətdir. Eyni zamanda milli-mənəvi dəyərlərimizin, dövlətçiliyin qorunmasında yaxından iştirak etmək və cənab prezidentin bu istiqamətdə siyasətini dəstəkləmək əsas məqsədimizdir".

M. Seyidovun sözlərinə görə, təşkilat təsis gününü sabah cəbhə xəttində əsgərlərlə birlikdə qeyd edəcək.
Sonra "İrəli"nin 6 ay müddətindəki fəaliyyəti və görülən işlərin təqdimatı olub. Təqdimatda təşkilatın bu müddət ərzində həyata keçirdiyi layihələr, tədbirlər, seminarlar, xarici səfərlər öz əksini tapıb.
Daha sonra təşkilatın loqosunun, korporativ üslubunun və saytının təqdimatı keçirilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında deyib ki, "İrəli" qısa müddətdə ölkədə brendə çevrilib: "Son günlər həyata keçirilən layihələr onu göstərir ki, gənclərdə kreativ düşüncə var və ölkənin digər gəncləri də bu təşkilatda birləşməyə davam edir. Gənclər siyasətinin məqsədi ondan ibarətdir ki, hər bir gənc vətənpərvər olsun. Heç də təsadüfi deyil ki, gənclər siyasətinin həyata keçirilməsində fəal olan bir qurum ölkə prezidentinin doğum günündə təsis edilib. Mən də bundan istifadə edərək cənab prezidenti təbrik edirəm".
Prezident Administrasiyasının Gənclərlə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, hazırda Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, ancaq "İrəli" bu təşkilatlar içində özünəməxsus yer tutur və gənclər arasında kifayət qədər nüfuzu var: "Buna görə də ölkənin ən fəal gəncləri bu təşkilatda təmsil olunmaq istəyirlər. Bu fəallığı daim qorumağı arzu edirəm".
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev də təşkilatı təbrik edərək qeyd edib ki, prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda gənclər siyasəti yeni mərhələyə keçib və gənclərin inkişafına böyük töhfə verilib.

Mediainfo.az