Azərbaycan alimlərinin I Qurultayının Bəyannaməsi qəbul olunub

Azərbaycan alimlərinin I Qurultayının Bəyannaməsi qəbul olunub

19 Dekabr 2014 16:44
596
Bəyəndim (0) Bəyənmədim (0)

15 may tarixinin "Elm günü" kimi qeyd edilməsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılacaq

Bakı şəhərində keçirilən Azərbaycan alimlərinin I Qurultayının Bəyannaməsi qəbul olunub. Apa-nın xəbərinə görə, sənəddə Azərbaycanda dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında aparılan elmi araşdırmalarda "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının müddəalarından irəli gələn vəzifələrin rəhbər tutulması bəyan olunub.

Fundamental və tətbiqi tədqiqatların prioritetlərinin ölkənin mühüm ideoloji, sosial-iqtisadi və mədəni-mənəvi məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi və həyata keçirilməsi, ölkənin enerji, informasiya, ərzaq və iqtisadi təhlükəsizliyinin qorunmasında, müdafiə qüdrətinin gücləndirilməsində elmin yaxından iştirakının təmin edilməsi, habelə Azərbaycançılıq ideologiyasının və multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi və fundamental istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı ictimai və humanitar elmlər sahəsində araşdırmaların daha da genişləndirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsini zəruri hesab edilib. Beynəlxalq elmi təcrübənin mənimsənilməsi, xüsusən yüksək texnologiyalara (nüvə, info, bio, nano və s.) dair araşdırmaların ölkəmizdə də aparılmasının təmin edilməsi, həmçinin Azərbaycan elminin nailiyyətlərinin xarici ölkələrdə tanıdılması baxımından beynəlxalq elmi əlaqələrin inkişafının zəruriliyi önə çəkilib, bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi vacib hesab olunub.

Bəyannamədə həmçinin müasir dövrün tələbləri səviyyəsində intellektual insan resurslarının formalaşdırılmasına nail olmaq üçün elm və təhsilin vahid sosial institut kimi inkişafının vacibliyini qeyd edilib, onların inteqrasiyası üzrə səmərəli tədbirlərin həyata keçirilməsində səylərin birləşdirilməsinə çağırılıb.

Sənəddə həmçinin son illər respublikanın müxtəlif sosial-iqtisadi sferalarında İKT-nin geniş tətbiq olunduğunu və ölkəmizdə informasiya cəmiyyətinin müvəffəqiyyətlə formalaşdığını qeyd edilib, bu sahədəki işlərin daha da inkişaf etdirilməsi üçün ölkə üzrə elm və təhsil şəbəkə infrastrukturlarının genişləndirilməsi, elmi informasiya resurslarının yaradılması, beynəlxalq elmi mühitə inteqrasiya, alimlərin böyük hesablama və yaddaş resurslarına olan tələbatının ödənilməsi və s. kimi istiqamətlər üzrə elmi tədqiqatların həyata keçirilməsinin vacibliyi vurğulanıb. "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsində yaradıcı və innovativ təfəkkürə malik intellektual gəncliyin strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılıb, belə bir hədəfə çatmaq üçün Azərbaycan gəncliyinin rəqabət qabiliyyətli elmi biliklər əldə etməyə və yeni texnologiyalar yaratmağa qadir fəaliyyət enerjisinin, intellektual və mənəvi resurslarının səfərbər edilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi vacib hesab edilib.

Bəyannamədə elmin maddi-texniki bazasının gücləndirilməsi, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və elmin maliyyələşməsi ilə bağlı müvafiq tədbirlərin bundan sonra da davam etdirilməsinin zəruriliyi də qeyd edilib. Heydər Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyası haqqında" fərmanı imzaladığı günün - 15 may tarixinin respublikada "Elm günü" kimi qeyd edilməsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması məqsədə müvafiq hesab edilib. Elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi zərurəti qeyd edilərək "Elm haqqında" qanunun qəbulu, həmçinin digər normativ-hüquqi sənədlərin hazırlanması zərurəti diqqətə çatdırılıb.

Fundamental elmi araşdırmalarda multidissiplinar yanaşmanın prioritet fəaliyyət istiqaməti olaraq qəbul edilməsi, elmi metodologiya məsələləri ilə bağlı araşdırmaların gücləndirilməsi, elmşünaslığın prioritet elm sahəsi kimi inkişafına hər cür dəstək verilməsi məqsədəmüvafiq hesab edilib. Elmin populyarlaşdırılması və elmi qurumların ictimaiyyətlə münasibətlərinin qurulması istiqamətində tədbirlərin daha da gücləndirilməsi tövsiyə edilib.

Mediainfo.az