“Günahsız olduğumu sübut edəcəyəm”

“Günahsız olduğumu sübut edəcəyəm”

19 Dekabr 2014 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Narkotik maddələr saxlamaqda ittiham edilən Bakı sakini, 1983-cü il təvəllüdlü İsmayıl Kazımova hökm oxunub. Yasamal Rayon Məhkəməsinin qərarı ilə İ.Kazımov 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökm oxunmamışdan əvvəl son söz verilən İ.Kazımov deyib ki, o, dəfələrlə məhkəmə prosesində günahsız olduğunu sübut edib. O, həbsinin heç bir dəlil-sübut olmadan həyata keçirildiyini deyərək hakimdən azadlığa buraxılmasını təmin etməsini istəyib.

Lakin məhkəmə prosesi fasilədən sonra davam edib və təqsirləndirilən şəxs hökm oxunub.

Hökm oxunduqdan sonra çıxış edən İ.Kazımov günahsız olduğunu, Apelyasiya Məhkəməsinə şikayət edəcəyini deyib. O, bütün instansiyalarda günahsız olduğunu sübut edəcəyini bildirib.

Təqsirləndirilən şəxs 2014-cü il, fevral ayının 8-də "Nizami" metrosunun çıxışında həbs olunaraq Yasamal Rayon Polis İdarəsinin (RPİ) inzibati binasına aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham elan olunub və istintaqa cəlb edilib.

İsmayıl Kazımov isə bu ittihamları əsassız sayıb. Təqsirləndirilən şəxs məhkəmə prosesində vəkildən imtina edərək müdafiəsini özü təşkil etdiyini açıqlayıb.

Proses zamanı İsmayıl Kazımovu həbs etmiş polis əməkdaşları Ceyhun Qasımov, Emin Məlikov və hal şahidləri Anar Baxışov və Tale Əliyev (İ.Kazımov adıçəkilən hal şahidlərinin başqa şəxslərə qarşı da məhkəmədə hal şahidi kimi ifadə verdiklərini deyib-red.) şahid qismində ifadə veriblər.

Polislər bildiriblər ki, fevralın 7-də onlara məlumat daxil olub və bu məlumat əsasında əməliyyat qrupu yaradılıb. Əməliyyat qrupuna Ceyhun Qasımov rəhbərlik edib. Üç nəfərdən ibarət əməliyyat qrupu məlumatlara əsasən 8 fevral, 2014-cü il tarixdə "Nizami" metrosunun qarşısında müşahidələrə başlayıb. İ.Kazımovu şübhəli şəxs qismində Yasamal RPİ-yə dəvət ediblər və orada onun üzərindən 450 qram marixuana aşkar olunduğu bəyan edilib.

Təqsirləndirilən şəxs isə 11 aydır günahsız yerə həbsdə saxlanıldığını, üzərindən aşkar olunduğu iddia edilən narkotik vasitədən xəbərsiz olduğunu dəfələrlə məhkəmənin nəzərinə çatdırıb. Ona qarşı sürülən ittihamları saxta və əsassız adlandırıb.

Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmadığını, narkotik vasitəni Yasamal RPİ-də onun üstünə qoyduqlarını bildirib. Tibbi ekspertizanın onun barəsində verdiyi rəyin də saxta olduğunu deyən İ.Kazımov məhkəmədə təkrar ekspertiza keçirilməsi ilə bağlı qaldırıdığı vəsatətlərin heç biri təmin olunmayıb.

İnarə