Azərbaycanlı qəhrəmanın şərəfinə abidə ucalıb

Azərbaycanlı qəhrəmanın şərəfinə abidə ucalıb

23 İyun 2011 20:50
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 24-də Ukraynanın Dnepropetrovsk vilayətinin Tsariçan rayonunun inzibati mərkəzində Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı Fariz Səfərovun abidəsinin açılışı olacaq. Bu münasibətlə keçiriləcək təntənəli mərasimdə Azərbaycan Respublikasının Ukraynadakı səfiri Eynulla Mədətli, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, müxtəlif regionlarındakı, o cümlədən Krımdakı Azərbaycan diasporunun, habelə kütləvi informasiya vasitələrinin çoxsaylı nümayəndələri iştirak edəcəklər.
Qəhrəmana abidə ucaldılması təşəbbüsünü Dnepropetrovsk vilayət sovetinin deputatı Fəxrəddin Muxtarov irəli sürüb. O, abidənin qoyuluşu ilə əlaqədar bütün maliyyə xərclərini öz üzərinə götürüb.
78-ci qvardiya atıcı alayının (25-ci qvardiya atıcı diviziyası, 6-cı ordu, Cənub-Qərb cəbhəsi) pulemyot heyətinin komandiri, qvardiya baş serjantı Səfərov Fariz Məcid oğlu 1943-cü il sentyabrın 26-na keçən gecə ön dəstənin heyətində Voyskovoye kəndi yaxınlığında (Ukraynanın Dnepropetrovsk vilayətinin Solomyanski rayonu) Dnepr çayını keçib. O, düşmənin çoxsaylı hücumlarını dəf edərək onun canlı qüvvələrinə ciddi tələfat yetirmiş, eyni zamanda bizim atıcı bölmələrinin çayı keçməsinə kömək edib. 1944-cü il martın 19-da Fariz Səfərova Sovet İttifaqı Qəhrəmanı adı verilmiş, ona Lenin ordeni və "Qızıl ulduz" medalı təqdim edilib.

Qəhrəmanlar heş vaxt ölmürlər. Onlar heç vaxt unudulmurlar!

Könül Aypara