Gürcüstanda ara yenidən qarışdı

Gürcüstanda ara yenidən qarışdı

18 Dekabr 2014 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda qədim qızıl mədəninin sökülməsi etirazlara səbəb olub.

ANS-in məlumatına görə, Gürcüstan hökumətinin Bolnisi vilayətində yerləşən dünyanın ən qədim qızıl mədənlərindən sayılan Sakdrisidə qazma işlərinə başlaması arxeoloqların etirazına səbəb olub. Bir neçə gün əvvəl Gürcüstanın Mədəniyyət Nazirliyi həmin yerin mədəni irs statusunu ləğv edərək, özəl şirkətə həmin yerdən mədən işləri aparmasına icazə verib.

Alimlər isə iddia edir ki, oradan tapılmış artefaktlar, eramızdan əvvəl III minillikdə yaşamış qədim insanların Sakdrisidə qızıl çıxardığını sübuta yetirir. Amma arxeoloqların və ictimai fəalların Tiflisdə təşkil etdiyi etiraz kampaniyalarına və məhkəmənin tərəflərin güzəştə gəlməsinə dair çağırışlarına baxmayaraq, artıq mədənə ağır texnika daxil olub və qazma işlərinə başlanılıb.

Etirazçı Levan Koguaşvili bildirir ki, mədən şirkətinin nə etmək istədiyi bəllidir, onları maraqlandıran pul qazanmaqdır. Onun sözlərinə görə, məhz Mədəniyyət Nazirliyinin qazma işlərinə yaşıl işıq yandırması çox acınacaqlı haldır.

Fəallar məsələ ilə bağlı yenidən məhkəməyə şikayət edə bilər. Ancaq Məhkəmə iddianı təmin etsə belə, bu mədənin aqibətin dəyişməyəcək. Belə ki, mədəndə artıq xeyli qazma işləri aparılıb və tarixi əhəmiyyəti olan məkana böyük ziyan dəyib.

Mediainfo.az