Abel Məhhərəmov: "BDU-da Təhsil Nazirliyinin təşəbbüsü ilə 12 ixtisası əhatə edən SABAH qrupları fəaliyyət göstərir"

Abel Məhhərəmov: "BDU-da Təhsil Nazirliyinin təşəbbüsü ilə 12 ixtisası əhatə edən SABAH qrupları fəaliyyət göstərir"

18 Dekabr 2014 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

BDU-nun rektoru Abel Məhərrəmov ali məktəbin 95 illik yubileyinə həsr olunan tədbirdə çıxışı zamanı deyib ki, tələbələrin təlim-tərbiyə ilə 4 minə yaxın əməkdaş, 2 minə yaxın professor-müəllim heyəti və elmi işçi məşğul olur ki, onlardan 21 nəfəri akademiyanın həqiqi və müxbir üzvü, 11 nəfəri millət vəkili, 300 nəfərə qədəri elmlər doktoru-professor, 1000 nəfərə qədəri isə fəlsəfə doktoru və dosentdir. Rektor qeyd edib ki, BDU-da 17 fakültə, 127 kafedra, müasir texniki avadanlıqla təmin olunan 2 elmi-tədqiqat institutu fəaliyyət göstərir: "Əvvəlki illərdən fərqli olaraq hazırda ali məktəbdə təhsil 3 dildə - Azərbaycan, rus və ingilis dilində aparılır. Universitetdə xarici ölkələrdən minə yaxın tələbə təhsil alır. Bu ildən BDU-da Təhsil Nazirliyinin təşəbbüsü ilə 12 ixtisası əhatə edən SABAH qrupları fəaliyyət göstərir. Son 5 ildə prezident tərəfindən BDU-nun 4 min tələbəsinin təhsil aldığı yeni tədris binası, 800 əməkdaş üçün 3 yeni yaşayış binası, tədris, təcrübə, istirahət mərkəzi tikilib, istifadəyə verilib".

A.Məhərrəmov əlavə edib ki, Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilib və onun nizamnaməsi təsdiq olunub – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb. Rektor onu da xatırladıb ki, o zaman maddi-texniki baza və kadr məsələsində Hacı Zeynalabdin Tağıyevin rolu böyük olub. Həmin dövrdə onun vasitəsilə xarici ölkələrə 1000 nəfər tələbə təhsil almağa göndərilib. Universitet ilk tədris ilini 2 fakültə ilə - tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olub. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri məhz Bakı Dövlət Universitetinin bazasında yaradılıb.

Təhsil naziri Mikayıl Cabbarov çıxışdan öncə BDU-nun müəllimi, bu günlərdə prezident İlham Əliyev tərəfindən təltif olunan professor Şirməmməd Hüseynova "Şərəf" ordenini təqdim edib.

Nazir çıxışında bildirib ki, böyük inkişaf yolu keçən universitet 95 illik ərzində ölkənin təhsilinin inkişafı yolunda mühüm rol oynayıb.

AMEA prezidenti Akif Əliizadə qeyd edib ki, bu ali məktəb Azərbaycanın ziyalı elitasının formalaşmasında mühüm rol oynayıb, müsəlman şərqində Avropa tipli ilk ali məktəb olan BDU keçdiyi 95 il ərzində zəngin inkişaf yolu keçib və mühüm uğurlar əldə edib.

Daha sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi, Tehran, Albaniya, Türkiyə, Tbilisi, Dağıstan və digər ölkələrin ali məktəblərinin rektorları təbriklərini çatdırıblar.

Mediainfo.az