KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqə elan edildi

KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqə elan edildi

17 Dekabr 2014 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Mediainfo.az-ın xəbərinə görə, Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyinə 2 məsələnin çıxarıldığını diqqətə çatdırıb:

1. 2015-ci ilin I yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi;

2. Cari məsələlər.

Birinci məsələ ilə bağlı çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli KİV layihələrinə maliyyə yardımının ayrılması ilə bağlı mövcud qaydaların olduğu kimi saxlanılmasını, müsabiqənin dekabrın 15-dən 25-dək "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsini təklif edib.

Sonda məsələ ətrafında müzakirələr aparılıb. Fondun Müşahidə Şurası üzvlərindən Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Rəşad Məcid, Müşfiq Ələsgərli və İntiqam Hümbətov çıxış edərək KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə qaydalarının olduğu kimi saxlanılması təklifini dəstəkləyiblər. Müzakirələrin yekunu olaraq müsabiqə qaydalarının əvvəl kimi saxlanılması, müsabiqənin dekabrın 15-dən 25-dək keçirilməsi barədə qərar qəbul edilib.

İclasda cari məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Fondun icraçı direktoru Vüqar Səfərli Fondun gördüyü işlər və qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.

Mediainfo.az