Həkim tənqidçinin ölümündə özünü günahkar bilmədiyini deyib

Həkim tənqidçinin ölümündə özünü günahkar bilmədiyini deyib

16 Dekabr 2014 18:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Nəsimi Rayon Məhkəməsində tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

E.Tofiqqızının həyat yoldaşı jurnalist Anar Niftəliyevin Apa-ya verdiyi məlumata görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən həkim Firuz İbrahimova ifadə vermək təklif olunub. Həkim ölümdə günahının olmadığını deyib. Bundan sonra dövlət ittihamçısı onun təqsirinin olub-olmamasının məhkəmə gedişində aydınlaşması barədə vəsatətlə çıxış edib.

Hakim vəsatəti təmin edib. Prosesdə Anar Niftəliyev də çıxış edərək hadisənin təfərrüatı barəsində danışıb. Məhkəmə zamanı əməliyyatda iştirak etmiş digər tibb personalının şahid qismində ifadə vermələri barədə də qərar qəbul edilib.

Proses yanvarın 7-də davam etdiriləcək.

Cinayət işinin materiallarına əsasən E. Tofiqqızının üzərində aparılan cərrahiyyə əməliyyatında iştirak edən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən sənədi saxtalaşdırma) maddələrinə əsasən təqsirləndirilir, onun barəsində başqa yerə getməmə haqqında məhkəmə qərarı var.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.

Ötən ilin sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Mediainfo.az