Şirkət basqınçılarına hökm oxundu

Şirkət basqınçılarına hökm oxundu

16 Dekabr 2014 16:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkətə basqın etməkdə təqsirli bilinən Elnur Məmmədov və Mirəhməd Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakinləri Elnur Məmmədov və Mirəhməd Əhmədov həbs ediliblər. Onlar bu ilin iyulun 3-də Nərimanov rayonu ərazisində şirkətlərdən birinin ofisin mühafizəçisi İntiqam Axundova qarşı quldurluq ediblər.

Gecə saatlarında ofisə gələn dostlar mühafizəçinin əl-qolunu yapışqan lentlə bağlayıb içərisində 60000 manat və 4180 ABŞ dollar olan dəmir seyfi aparıblar. Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Elnur Məmmədovun əvvəllər həmin şirkətin işçisi olduğu üzə çıxıb.

İstintaq müəyyən edib ki, o, köhnə iş yerinin hər bir çıxışına-girişinə bələd olduğundan dostu Mirəhməd Əhmədovla əlbir olub içərisində külli miqdarda pul olan seyfi xəzinədar otağından oğurlayıb.

Saxlanılan Elnur Məmmədov bildirib ki, banka borcu olduğundan çıxış yolunu cinayət törətməkdə görüb. Pulu Mirəhməd Əhmədovla aralarında bölsələr də, qalan məbləği istintaqa təhvil veriblər.

Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 10 il cəza təyin edilib.

Mediainfo.az