5 ailə üzvüni itirən kişi - “Evin tavanı üstlərinə töküldü”

5 ailə üzvüni itirən kişi - “Evin tavanı üstlərinə töküldü”

16 Dekabr 2014 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Sabirabadda baş verən və 5 nəfərin yanıb ölməsi ilə nəticələnən dəhşətli yanğının səbəbləri bəlli olub.

Virtualaz.org saytı xəbər verir ki, yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi dəqiqləşib.

Saytın əməkdaşı hazırda Sabirabad rayonunun Qaratoğay kəndində olan müxbiri faciənin baş verdiyi evin sahibi Zabil Rzayevlə görüşüb.

Zabil Rzayevin dediklərindən: "Hadisə səhərə yaxın baş verdi. O vaxt yatırdım. Böyük bacım Nəzakətin "ev yanır" deyə qışqırmasına oyandım. Tez durub evin işığını avtomatdan söndürmək üçün həyətə qaçdım. Həyat yoldaşım Lamiyə isə qalxıb uşaqlarımız yatan otağa qaçdı ki, onları çölə çıxarsın. Mən işığı ayırıb qayıdana qədər hər şey bitmişdi. Lamiyə yuxulu uşaqları götürüb evdən çıxmaq istəyəndə evin tavanı yanaraq üstlərinə töküldü. Altında qalıb yandılar. 1967-ci il təvəllüdlü böyük bacım Nəzakət də alovun arasından çıxa bilməyib yandı".

37 yaşlı Zabil Rzayev deyib ki, yanan evdə ondan başqa daha bir ailə olub: "Biz iki qardaş bir evdə yaşayırdıq. 30 yaşlı qardaşım Ariz də həyat yoldaşı ilə bu evdə yaşayırdı. Yanğın nəticəsində onun həyat yoldaşı Sona da xəsarət alıb. Onu Şirvan şəhərindəki xəstəxanaya apardılar. Gəlinimizin vəziyyəti də ağırdır".

Mediainfo.az