İdarə rəisi beynəlxalq tədbirlərdə iştirak edib

İdarə rəisi beynəlxalq tədbirlərdə iştirak edib

15 Dekabr 2014 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev dekabrın 8-dən 10-dək ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Dünya Bankının dəstəyi ilə Korrupsiyaya qarşı Mübarizə Aparan Təşkilatların Beynəlxalq Birliyinin (ICHA) 3-cü iclasında iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən apa -ya verilən məlumata görə, 130-dan çox ölkəni təmsil edən ixtisaslaşmış qurumların və istintaq orqanlarının 300-ə yaxın yüksək vəzifəli şəxsləri, habelə beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərinin təmsil olunduğu tədbiri Dünya Bankının prezidenti Cim Yen Kim və Böyük Britaniya şahzadəsi Uilyam açaraq korrupsiya və rüşvətxorluğun bəşəriyyət üçün təhlükəyə çevrildiyini, insanları daha çox narahat edən bu sosial bəlaya qarşı birgə mübarizə aparılmasının vacibliyini bildiriblər.

İclasın "Korrupsiyaya qarşı mübarizədə hüquq-mühafizə orqanlarının fəaliyyəti" adlı sessiyasında çıxış edən K.Əliyev ölkə başçısının siyasi iradəsinə uyğun olaraq Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində aparılan qanunverici və institusional islahatlar, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq barədə tədbir iştirakçılarına ətraflı məlumat verməklə, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) birgə səyləri ilə müvafiq olaraq cari ilin iyul və noyabr aylarında Bakı şəhərində keçirilmiş "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda konfransın və İACA-ya üzv və iştirakçı dövlətlərin Assambleyasının 3-cü sessiyasının əhəmiyyətini xüsusi vurğulayıb.

Tədbirdə K.Əliyev Dünya Bankının və Dələduzluqla mübarizə üzrə Avropa bürosunun (OLAF) yüksək rəsmiləri ilə ikitərəfli görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq məsələləri barədə müzakirələr aparıb

Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi K.Əliyev dekabrın 11-dək 12-dək Fransanın paytaxtı Paris şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (UNODC), İqtisadi inkişaf və Əməkdaşlıq Təşkilatı (OECD), Dünya Bankı, Beynəlxalq Şəffaflıq Təşkilatının dəstəyi ilə korrupsiyaya qarşı mübarizədə ən müsbət təcrübələr və gələcək əməkdaşlıq adlı Simpoziumda iştirak edib. Simpozumda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş qanunverici və institusional tədbirləri özündə əks etdirən bukletlər tədbir iştirakçılarına paylanıb.

Mediainfo.az