Zəlimxan Məmmədli Gürcüstana buraxılmayıb

Zəlimxan Məmmədli Gürcüstana buraxılmayıb

12 Dekabr 2014 17:05
515
Bəyəndim (0) Bəyənmədim (0)

"Borçalı" Cəmiyyətinin üzvlərinin Gürcüstana buraxılmaması ilə bağlı mətbuat konfransı keçirilib.

Apa-nın xəbərinə görə, birliyin sədri Zəlimxan Məmmədli bildirib ki, bu il oktyabrın 19-dan onun Vaxtanqisi sərhəd-keçid məntəqəsindən Gürcüstana daxil olmasına qadağa qoyulub.

Bu qadağanı o, cəmiyyətə təzyiq kimi qiymətləndirib: "Borçalı" Cəmiyyəti barış və sülhün carçısıdır. Gürcüstanda həyata keçirdiyimiz "Elat" tədbirlərinin məqsədi milli-mənəvi dəyərlərimizi bərqərar etməkdən ibarətdir. Ancaq Gürcüstan hakimiyyəti tərəfindən bizə qarşı etimadsızlıq mühiti mövcuddur".

Z.Məmmədli bildirib ki, bundan əvvəl də iyul ayında müavini Salman Murğuzov Gürcüstan sərhəd-keçid əməkdaşları tərəfindən ölkəyə buraxılmayıb: "O vaxt da bunun səbəbi barədə bizə heç nə demədilər. Oktyabrın 19-da isə mənim Vaxtanqisi sərhəd-keçid məntəqəsindən ölkəyə girişimə qadağa qoyulub. Bu ölkənin DUN-yi onlara ünvanlanan sorğuya cavabında bildirib ki, "Xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər haqqında" Gürcüstan Respublikası qanununun XI maddəsinin I bəndinin "e" hissəsinə görə, Gürcüstana buraxılmamışam. Bu qanunda göstərilir ki, xarici vətəndaş ölkənin təhlükəsizliyinə zərər vurarsa, ictimai sabitliyi, insan haqlarını kütləvi şəkildə pozarsa, ölkəyə buraxılmır. Əgər mənim orda bu tipli fəaliyyətim olubsa, araşdırılsın. Mən cəzamı çəkməyə hazıram".

Gürcüstanın Azərbaycandakı səfirliyinin sözçüsü Kaxaber Abdaladze isə Apa-nın sorğusuna cavab olaraq deyib ki, Zəlimxan Məmmədli bir dəfə Gürcüstanın Azərbaycandakı səfirliyinə gəlib: "Ona Gürcüstana buraxılmamasının səbəbini deyiblər, gedib və ondan sonra daha müraciət etməyib".

K.Abdaladze Zəlimxan Məmmədlini tanıdığını bildirib: "Amma məsələ barədə tam məlumatım yoxdur. Səfirliyə gəlib, ona izah olunub. Ondan sonra bizə bu şəxsdən və ya "Borçalı" Cəmiyyətindən heç bir müraciət daxil olmayıb. Mətbuat konfransı keçirməsi və orda dedikləri barədə məlumatım yoxdur. Şərh edə bilmərəm. İstəyir, qoy hər gün mətbuat konfransı keçirsin, amma ona səfirlikdən aydın cavab verilib".

K.Abdaladze qeyd edib ki, burda azərbaycanlılara və azərbaycanlıların təşkilatlarına qarşı münasibətdə hər hansı qərəzli yanaşmadan, ayrı-seçkilikdən söz gedə bilməz: "Azərbaycanlılar Gürcüstana normal-qaydada gedib gəlirlər. Bu məsələnin azərbaycanlılara fərqli münasibətlə əlaqəsi yoxdur".

Bununla belə, K.Abdaladze Z.Məmmədlinin Gürcüstana buraxılmamasının səbəblərini açıqlamayıb.

Mediainfo.az