Domodedovo şəhərində Heydər Əliyevin vəfatının ildönümü münasibəti ilə anım mərasimi keçirilib - FOTO

Domodedovo şəhərində Heydər Əliyevin vəfatının ildönümü münasibəti ilə anım mərasimi keçirilib - FOTO

12 Dekabr 2014 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva vilayətinin Domodedovo şəhərində Heydər Əliyevin vəfatının ildönümü münasibəti ilə anım mərasimi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Heydər Əliyev-Rusiyanın böyük dostu" adlı mərasimdə H. Əliyevlə birgə çalışmış dövlət xadimləri, yüksək çinli zabitlər və siyasətçilər öz xatirələrini bölüşüblər.

Domodedovo Deputatlar Şurasının deputatı Əlizaman Rəhimov Heydər Əliyevin rəhbərliyi altında Rusiya ərazisində gerçəkləşən irimiqyaslı layihələrdən söz açaraq, onun Rusiya iqtisadiyyatı qarşısındakı xidmətlərini önə çəkib: "Təkcə Ulyanovskda Heydər Əliyevin səyləri nəticəsində tikilməsinə razılıq verilmiş körpü bu gün Ulyanovsk vilayətini Şərqlə Qərb arasında nəqliyyat qovşağına çevirib. Nəticədə vilayət xarici səhmlərin qoyulduğu şəhərlər arasında ilk yerləri bölüşür".

Sonra Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərindəki rolundan bəhs edən videoçarx nümayış etdirilib.

Heydər Əliyev haqqında Domodedovo Administrasiyasının rəhbəri Dmitri Qorodetski də öz fikirlərini bölüşüb. O, Heydər Əliyevi dünyanın məşhur siyasətçilərindən biri hesab etdiyini deyib: "Biz dahi insanın xatirəsini azərbaycanlılarla birgə andığımızı çox yüksək qiymətləndiririk. Heydər Əliyev bizim ümumi vətənizimin inkişafına çox böyük töhfələr verib. Heydər Əliyevin siyasi kursunun Azərbaycanın indiki prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdiridiyini böyük məmnuniyyətlə izləyirik".

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov Heydər Əliyevin Azərbaycan diasporuna olan münasibətindən danışıb. Q. Osmanovun fikrincə, ötən əsrin 90-cı illərinin sonunda formalaşan diaspor sturkturlarının təməlini Heydər Əliyev hələ 70-ci illərdə soydaşlarımızı Rusiyaya təhsil almağa göndərməklə qoyub. Diplomat iştirak etdiyi tədbirin təşkilatçıları olan Əlizaman Rəhimov və Araz Mürsəliyevin Rusiya və Azərbaycan xalqları arasında dostluq tellərinin möhkəmlənməsi yolunda fəaliyyətlərini yüksək qiymətləndirib.

Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə nümayəndəliyinin icraçı direktoru Araz Mürsəliyev isə çıxışında bildirib ki, 2000-ci ildə Rusiyada yaradılmış Ümumrusiya Azərbaycan Konqresinin banisi Heydər Əliyevdir: "O, Rusiyanın 80-dən çox subyektində nümayəndəliyi olan təşkilatı yaratmaqla, Rusiya azərbaycanlılarını xalq diplomatiyasının subyekti olmağa çağırdı. Nəticə etibarilə bu 14 il ərzində ÜAK xalq diplomatiyasının bariz nümunəsi kimi Rusiya – Azərbaycan münasibətlərində güclü amilə çevrildi".

Heydər Əliyevlə bağlı xatirələrini həmçinin onun köməkçisi olmuş İqor Prostyakov, general-polkovnik İvan Morozov, Böyük Vətən müharibəsinin veteranı İvan Nikonov, ictimai xadim Aleksandr Patrikeyev, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, Azərbaycan daxil işlər nazirinin müavini işləmiş Vladislav Şvetsov və başqaları bölüşüblər. Natiqlərə Heydər Əliyev haqda TASS agentliyinin və Heydər Əliyev Fondunun çap etdirdiyi kitablar hədiyyə edilib.

Mediainfo.az