Şaxta babalar dekabrın 20-dən sonra fəaliyyətə başlayacaq

Şaxta babalar dekabrın 20-dən sonra fəaliyyətə başlayacaq

10 Dekabr 2014 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Dənizkənarı Bulvar istisna olmaqla, Bakı şəhərinin meydanlarında və əhalinin gur olduğu yerlərdə Şaxta babalar dekabrın 20-dən sonra fəaliyyətə başlayacaq.

Bu barədə APA-ya Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib.

Ə.Bağırovun sözlərinə görə, hələ ki Ticarət və Xidmət Departamentinə Şaxta Baba fəaliyyəti üçün icazə almaq istəyənlərdən hər hansı müraciət daxil olmayıb: "Əvvəlki illərdə dekabrın əvvəllərində müraciətlər olurdu. Bu il isə bir qədər gecikir və ümid edirik ki, yaxın bir həftə-on gün ərzində müraciətlər olacaq. Əvvəlki illərin təcrübəsi göstərir ki, müraciətlər əsasən əhalinin gur olduğu ərazilərdə fəaliyyətlə bağlı olur".

Ə.Bağırov xatırladıb ki, Bakı şəhər Ticarət və Xidmət Departamenti Dənizkənarı Bulvar istisna olmaqla, şəhərin digər ərazilərində Şaxta Baba fəaliyyətinə icazə verir.

İdarə sözçüsü Şaxta Baba olmaq istəyənlərə hər hansı şərtlərin qoyulmadığını bildirib: "Onlar sərbəstdirlər. İstədikləri Şaxta Baba geyimini geyinə bilərlər. Amma onlara verilən yerdə bu xidməti göstərməli, başqaları üçün təyin olunan yerə girməməlidirlər".

Ə. Bağırov bu il Şaxta Baba olmaq istəyənlər üçün icazənin qiymətinin artırılmasının nəzərdə tutulmadığını bildirib. Xatırladaq ki, ötən illərdə icazənin qiyməti 60 manat, fəaliyyət müddəti isə yanvarın 13-dək təşkil edib. İcazə alan Şaxta Baba yanında Qar Qızı da saxlaya bilər.

Qeyd edək ki, ötən Yeni İl ərəfəsində Bakı şəhər Ticarət və Xidmət Departamentindən 30 Şaxta Baba icazə alıb.

Mediainfo.az