115 saylı orta məktəbin həyəti qanunsuz zəbt olunduğundan söküldü - FOTO

115 saylı orta məktəbin həyəti qanunsuz zəbt olunduğundan söküldü - FOTO

8 Dekabr 2014 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbə məxsus 90 kvadratmetr torpaq sahəsi qanunsuz zəbt olunub və ərazi hasarlanıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilmiş operativ araşdırma zamanı məlum olub ki, qanunsuz tikinti işləri "Paradise" klubun işçiləri tərəfindən aparılıb. Faktla bağlı Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət edilib. Əraziyə baxış keçirildikdən sonra qanunsuz tikili sökülüb.

Nazirliyin məlumatında qeyd olunub ki, prezident İlham Əliyev 11 avqust 2014-cü il tarixində Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətilə tanış olub. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, əsaslı şəkildə yenidən qurulmuş 1380 şagird yerlik məktəbdə təmir işləri yüksək standartlara uyğun həyata keçirilib. Təhsil müəssisəsinin bir hektarlıq həyətyanı sahəsində də müvafiq abadlıq və quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb: "Təlim-tərbiyə müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edən vətəndaşlar birmənalı şəkildə qəbul etməlidir ki, bu cür qeyri-sağlam tendensiya təhsilalanların konstitusiya hüquqlarının pozulmasına səbəb olur. Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycanın qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək".

Mediainfo.az