Allahşükür Paşazadə Derek Hoqanla görüşüb - FOTO

Allahşükür Paşazadə Derek Hoqanla görüşüb - FOTO

5 Dekabr 2014 18:49
Bəyəndim (0) Bəyənmədim (0)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə bu gün ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanı qəbul edib.

QMİ-dən Apa -ya verilən məlumata görə, görüşdə Şeyxülislam ölkədəki dini vəziyyət və müxtəlif dinləri təmsil edən icmalar arasındakı qarşılıqlı münasibətlər haqqında danışıb.

O qeyd edib ki, dini tolerantlıq məsələsi Azərbaycanda insanların gündəlik həyat tərzidir və müxtəlif dinlərin liderlərinin şəxsi səmimi münasibətləri və sıx əməkdaşlığı bunun bariz göstəricisidir.

A. Paşazadə 1992-ci ildən bəri Qafqaz Xalqları Ali Dini Şurasının sədri olduğunu və bu qurumun çətiri altında müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarının da birləşdiyini vurğulayıb.

Müvəqqəti İşlər vəkili isə qeyd edib ki, Azərbaycanda çalışdığı dövrdə müxtəlif regionlara səfərlər edib və müxtəlif dinləri təmsil edən vətəndaşlarla görüşlər keçirib. Diplomat həmin görüşlərdə A. Paşazadənin tolerantlığın möhkəmlənməsində böyük rol oynadığının dilə gətirildiyini bildirib.

Görüş zamanı tərəflər qarşılıqlı münasibətlər və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.

Mediainfo.az