Sabiq hakimin məhkəməsi davam etdirilib

Sabiq hakimin məhkəməsi davam etdirilib

5 Dekabr 2014 18:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İclasda zərərçəkmiş Əmiraslan Mustafayev ifadə verib. O, bildirib ki, Xəzər Universitetində təhsil alan oğlunu başqa ali məktəbə köçürmək üçün təqsirləndirilən Elman Məmmədova 6 min manat pul verib.

E. Məmmədov isə həmin şəxsdən pul almadığını bildirib.

Daha sonra məhkəmədə təqsirləndirilən Taleh Süleymanov ifadə verib. O, ittihamla razı olmadığını deyib. İclasda təqsirləndirilən Həsən Əliyevə də bəzi suallar verilib. O, bildirib ki, 100 min manat işi aparan prokurora ona görə verilib ki, Ramazan Səlimov məsələsi həll olunsun.

Proses dekabrın 15-də davam etdiriləcək.

İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E. Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib.

İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

Mediainfo.az