Rusiya tərəvəz idxalına qoyduğu qadağanı ləğv edib

Rusiya tərəvəz idxalına qoyduğu qadağanı ləğv edib

22 İyun 2011 17:53
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Komissiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, bu gün Moskvada Rusiya və Avropa İttifaqı (Aİ) arasında Avropadan Rusiyaya tərəvəz idxalına qadağanın götürülməsi haqqında saziş imzalanıb. Sazişə əsasən, Aİ üzvü olan hər bir ölkə Rusiyaya tərəvəz idxal edərkən qısa müddət ərzində məhsulun mənşəyi və tərkibində "E.coli 104" infeksiyasının olmaması barədə sertifikat təqdim etməlidir. Bu sertifikasiya sistemi müvəqqəti xarakter daşıyacaq. Əgər yaxın 10 gün ərzində insanların bağırsaq infeksiyası ilə zəhərlənməsi faktı qeydə alınmasa, tərəvəz idxalı məhdudiyyətsiz bərpa olunacaq. Dondurulmuş məhsullar isə Rusiyaya ənənəvi qaydada-xüsusi sertifikasiya olmadan gətiriləcək. Qeyd edək ki, Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") mayın 30-da Almaniya və İspaniyadan, iyunun 2-də isə bütün Aİ ölkələrindən təzə tərəvəzin idxalına müvəqqəti qadağa qoyub. Buna səbəb kimi Aİ ölkələrində bağırsaq infeksiyasının yayılması göstərilib. İnfeksiya təkcə Almaniyada 38 nəfərin ölümünə səbəb olub. Ümumilikdə mayın əvvəlindən bu yana Avropada bağırsaq çöpü infeksiyasından 2610 nəfər zəhərlənib.

Tofiq Əliyev

O.M.