Tənqidçi-publisistin ölümü ilə bağlı məhkəmənin vaxtı məlum oldu

Tənqidçi-publisistin ölümü ilə bağlı məhkəmənin vaxtı məlum oldu

3 Dekabr 2014 17:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Nəsimi Rayon Məhkəməsində tənqidçi-publisist Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

E.Tofiqqızının həyat yoldaşı jurnalist Anar Niftəliyevin apa-ya verdiyi məlumata görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qarşı tərəf təkrar ekspertizanın keçirilməsi və məhkəmənin qapalı keçirilməsi, jurnalistlərin prosesi izləmələrinə, onlara məlumat verilməsinə qadağa qoyulması barədə vəsatətlər verib.

Məhkəmə təkrar ekspertiza ilə bağlı vəsatətin məhkəmə baxışına aid olduğunu bildirib və vəsatəti baxılmamış saxlayıb. Digər vəsatət isə təmin edilməyib. Daha sonra işin məhkəmə baxışına verilməsi barədə məsələyə baxılıb. Tərəflər buna etiraz etməyiblər. Məhkəmənin baxış iclası dekabrın 16-na təyin edilib.

Cinayət işinin materiallarına əsasən E. Tofiqqızının üzərində aparılan cərrahiyyə əməliyyatında iştirak edən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən sənədi saxtalaşdırma) maddələrinə əsasən təqsirləndirilir, onun barəsində başqa yerə getməmə haqqında məhkəmə qərarı var.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.

Ötən il sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Mediainfo.az