“Məni Suriyaya aldadıb apardılar”

“Məni Suriyaya aldadıb apardılar”

3 Dekabr 2014 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

Hacı Məmmədov idmanla məşğul olmağa başlayıb

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlanma yerində və istintaq təcridxanasında monitorinq keçiriblər.

Bu barədə Apa-ya məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla maraqlanıblar: "Hacı Məmmədovun vəziyyəti yaxşıdır. Son vaxtlar yüngül idmanla məşğul olmağa başlayıb. Orada saxlanılan Arif Yunusla da maraqlandıq. Onun da səhhətinin yaxşı olduğunu bildirdilər ".

E.Behbudov orada saxlanılan 1985-ci il təvəllüdlü Şahbazi Bəhruz Bəxtiyar oğlu ilə görüşdüklərini də bildirib: "Həmin şəxs Bakı Hava Limanında həbs edilib. Suriyada döyüşlərdə iştirak edib, Bakıya qayıdan zaman isə tutulub. Mənə bildirdi ki, ora getməyinə peşmandır. Dediyinə görə, onu din adı ilə aldadıb Suriyaya aparıblar. Lakin orada din yoxdur. Ondan soruşdum ki, orada azərbaycanlı görmüsən? Bildirdi ki, olduğu şəhərdə azərbaycanlıya rast gəlməyib".

Hüquq müdafiəçisi orada saxlanılan Şərbətov Fərzəli Əli oğlu və Əliyev Əli Müseyib oğlu ilə də görüşdüklərini bildirib: "Fərzəli Şərbətov İrandan Azərbaycan 41 kiloqram həşiş keçirmək istəyərkən tutulub. Özünü təqsirli bilir. Əli Əliyev isə Gürcüstandan qızıl-zinət əşyalarını qanunsuz olaraq Azərbaycana keçirmək istəyərkən tutulub. Saxlanılan şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Ümumiyyətlə, orada saxlanma şəraiti müasir standartlara cavab verir. Bütün kameralar istilik sistemi ilə təchiz edilib. Saxlanılan şəxslər gündə üç dəfə isti yeməklə təmin olunurlar".

Mediainfo.az