Vüsal Şilderə yol qəzası təşkil etməkdə təqsirləndirilənin məhkəməsi başlayır

Vüsal Şilderə yol qəzası təşkil etməkdə təqsirləndirilənin məhkəməsi başlayır

3 Dekabr 2014 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda qətlə yetirilən Almaniya vətəndaşı Vüsal Şilderin ölümündən bir neçə gün əvvəl ona qarşı planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə prosesinin başlama vaxtı məlum olub.

Vəkil Fariz Namazlının verdiyi məlumata görə, məhkəmə prosesi dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsində başlayacaq. Prosesə hakim Faiq Qasımov sədrlik edəcək.

Qeyd edək ki, həmin şəxslər bir müddət əvvəl apellyasiya şikayəti veriblər. Lakin ilkin baxış iclasında Türkiyə vətəndaşı olan təqsirləndirilən şəxs – Yaşar Sümər Gücərin apellyasiya şikayətini öz dilində yazdığı məlum olub. Bunun üçün iş yenidən Binəqədi rayon Məhkəməsinə göndərilib. Həmin şikayət Azərbaycan dilinə tərcümə olunduqdan sonra yenidən məhkəməyə qaytarılıb.

Xatırladaq ki, ötən il mayın 2-də Ə. Rəcəbli küçəsində Almaniya vətəndaşı Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb. Hazırda onların cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.

Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu 20 il əvvəl Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə Vüsal Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.

Mediainfo.az