Çingiz Abdullayev tərbiyə müəssisəsində olub

Çingiz Abdullayev tərbiyə müəssisəsində olub

3 Dekabr 2014 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Penitensiar xidmətin birgə təşkilatçılığı ilə Tərbiyə müəssisəsində mədəni-kütləvi tədbir keçirilib. PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Penitensiar Xidmətin rəis müavini vəzifəsi üzrə səlahiyyətlərini müvəqqəti icra edən ədliyyə polkovniki Rafiq Ramazanov, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, müəssisədə fəaliyyət göstərən 45 saylı tam axşam orta məktəbin müəllim kollektivi və digər şəxslər iştirak ediblər. Tədbir müəssisədə cəza çəkən məhkumların asudə vaxtının səmərəli təşkili, onlarda bədii qiraətə maraqlarının və intellektlərinin artırılması məqsədi daşıyıb. Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan xalq yazıçısı Çingiz Abdullayev tərbiyə olunan uşaqlar qarşısında çıxış edərək, şəxsiyyətin formalaşmasında bədii qiraətin rolu mövzusunda geniş nitq söyləyib. Daha sonra çapdan çıxmış yeni kitabları barədə məlumat verən Çingiz Abdullayev tərbiyə olunan məhkumlar tərəfindən verilən sualları cavablandırıb. Tədbirin sonunda Azərbaycan xalq yazıçısı Çingiz Abdullayev tərəfindən gətirilmiş 100-dən artıq bədii kitab məhkumlara hədiyyə edilib. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəhbərliyi adından Tərbiyə müəssisəsində keçirilən tədbirə qatıldığı üçün Yazıçılar Birliyinin katibinə minnətdarlıq bildirilib.

Mediainfo.az