Polis kapitanı: "Mənə "ermənisən" dedi" - FOTO

Polis kapitanı: "Mənə "ermənisən" dedi" - FOTO

2 Dekabr 2014 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

Kapitan Natiq Mövlayev onu aşağılayan şəxsin cəzalanmasını istəyir

Noyabrın 24-də Bakıda yol polisi ilə sürücü arasında yaranan narazılıq sonradan böyük qalmaqala çevrilib.

Anspress-in məlumatına görə, hadisə saat 14 radələrində Əhməd Cavad küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində baş verib. İnsident zamanı vətəndaş yol polisi zabitini təhqir edib. Yol polisi də öz növbəsində həmin vətəndaş barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.

Baş verən insidentlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Yol Polisi İdarəsinin tağım komandiri, polis kapitanı Natiq Bahadur oğlu Mövlayev anspress-ə açıqlamasında baş verən hadisə barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, qayda pozan sürücünün atası onu təhqir edib.

Belə ki, 1989-cu il təvəllüdlü Zaur Azad oğlu Əliyev idarə etdiyi "Volkswagen" markalı, 10 VT 008 nömrə nişanlı avtomobili qadağan edilmiş yerdə saxlayıb. Bununla bağlı yol polisi əməkdaşı sürücüyə xəbərdarlıq edib. Lakin sürücü yol polisinin xəbərdarlığına məhəl qoymayıb və maşını yerindən tərpətməyib. Uzun mübahisədən sonra yol polisi sürücünün vəsiqəsini tələb edib. Sürücü isə polisin tələbinə də məhəl qoymayıb və atasına zəng vurub.

Hadisə yerinə sürücünün atası, 1957-ci il təvəllüdlü Azad Məlikməmməd oğlu Əliyev gəlib. O, yol polisinə deyib ki, həmin yerdə yaşayırlar və maşını yerindən tərpətməyəcəklər. Yol polisi isə həmin şəxsdən vəsiqəsini tələb etdikdə təhqirlə üzləşib.

"Gələn kimi qışqıra-qışqıra dedi ki, bu mənim oğlumdur. Sən məni tanımırsan. Sənin başına oyun açacağam. Get işinlə məşğul ol. Bizim hüzrümüz var. Maşını da yer olmadığı üçün burada saxlamışıq. Mən də dedim ki, maşının saxlanması piyadaların hərəkətinə mane olur. Kişi də əvəzində məni təhqir etdi. "Ermənisiniz, müsəlman deyilsiniz" dedi. "Nə bilirsən, elə. Yol polisisən, uzağı - cərimə yazacaqsan. Əlindən nə gəlir - elə" dedi. Mən də dedim ki, mənə dediyiniz "erməni" kəlməsini sizə yedizdirəcəyəm", - deyə Natiq Mövlayev bildirib.

Bu səbəbdən də, Natiq Mövlayev onu təhqir edən Azad Əliyev barəsində Səbayel Rayon Prokurorluğuna şikayət edib. Yol polisi deyir ki, həmin şəxs barəsində ona bir çox vəzifəli şəxs müraciət edib. Onlar yol polisinin şikayətini geri götürməsini istəyiblər. Lakin Natiq Mövlayev insanların içində ona "erməni" deyən şəxsin cəzalandırılmasını istəyir.

"Mən həmin sürücünün sənədlərini də aldım. Maşını cərimə meydançasına göndərdim. Onun barəsində protokol da tərtib etdim. Adam Allaha xatir düz deməlidir. Sürücü mənə kobud heç nə demədi. Lakin atası məni təhqir etdi. Onun barəsində lazımı tədbir görülməlidir".

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az