Elçin Behbudov polis bölmələrində monitorinqə başlayıb

Elçin Behbudov polis bölmələrində monitorinqə başlayıb

1 Dekabr 2014 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Bakı şəhər Baş Polis İdarəsinin tabeliyində olan polis bölmələrində monitorinqlərə başlayıblar.

Bu barədə Apa-ya məlumat verən E.Behbudov bildirib ki, monitorinqlər bu həftənin sonunda başa çatacaq: "Biz bu ilin yekunları ilə bağlı hesabat hazırlayırıq və yanvar ayının əvvəlində hesabatı ictimaiyyətə açıqlayacağıq. Bununla əlaqədar polis bölmələrində monitorinqlərə başlamışıq. Artıq Nəsimi rayon Polis İdarəsinin 19, 20, 21, 22, Nizami rayon Polis İdarəsinin 23, 24, 25, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölmələrində olmuşuq. Bu gün Yasamal rayon Polis İdarəsinin 26-cı, 28-ci və 29-cu polis bölmələrində monitorinq aparacağıq. Növbəti günlərdə isə Suraxanı, Sabunçu və digər rayon polis idarələrinin polis bölmələrində olacağıq. Hər bir polis bölməsində saxlanma yeri olmalıdır. Əgər kimsə saxlanılırsa, üç saata qədər orada saxlanılmalı və şəxsiyyəti təsdiq olunmalıdır. Monitorinq zamanı saxlanma yerləri ilə bağlı bəzi xırda çatışmazlıqlar aşkar olunub. Bütün monitorinqi yekunlaşdırandan sonra arayışla daxili işlər naziri Ramil Usubova məlumat verəcəyik. Monitorinq zamanı bir neçə polis rəisi bildirdi ki, bəzən saxlanılan şəxslər sərxoş olur və onlar bölməyə gətirilərək ayılana kimi polisin nəzarətində saxlanılırlar. Lakin onlara həkim nəzarət etsə, yaxşı olar. Çünki əgər onunla bağlı bir hadisə baş versə, məsuliyyət polisin üzərinə düşür. Lakin polis həkim deyil. Mən bu məsələni də Ramil Usubovun diqqətinə çatdıracağam".

Mediainfo.az