Zəlzələlər 15-20 saat əvvəlcədən proqnozlaşdırılacaq

Zəlzələlər 15-20 saat əvvəlcədən proqnozlaşdırılacaq

21 İyun 2011 15:59
1 107
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyevin verdiyi məlumata görə, rəhbərlik etdiyi institutda istismarı dayandırılmış neft quyularının polad borularından akustik kanal kimi istifadə etməyin mümkünlüyünün elmi əsasları və onun əsasında zəlzələni yaradan anomal seysmik proseslərin monitorinqinə imkan verən seysmoakustik telemetrik stansiyanın qurulma prinsipləri hazırlanıb. Stansiyanın eksperimental variantı Qum adasında 3500 m dərinlikli 5 nömrəli neft quyusunda quraşdırılıb və istismara verilib. Alınan eksperimental nəticələr göstərib ki, stansiya zəlzələdən 15-20 saat əvvəl onu yaradan anomal seysmik prosesi qeyd etmək imkanına malikdir.

T. Əliyev bu prosesin necə baş verməsinin elmi izahını da verib: "Anomal seysmik proseslər zamanı iki cür dalğalar yaranır. Bu dalğalardan biri seysmik, digəri isə seysmoakustik dalğalardır. Bu dalğalardan heç biri yerin səthinə gəlib çatmır. Birinci dalğanın gücü çatmır, ikinci dalğanın isə tezliyi yüksəkdir. Seysmik dalğalar kritik həddə çatanda partlayış baş verir və bu zaman seysmik stansiyalar zəlzələnin olduğunu qeyd edirlər. Zəlzələnin başlanmasının gizli dövrünün monitorinqini aparmaq üçün istismarı dayanmış neft quyuları çox yararlıdır. Azərbaycanda çox neft quyuları var ki, istifadə olunmur. Onlar 3-6 km dərinlikdə yerləşir. 200-300, hətta bəzən 400-500 km radiusda uzağa yayılan seysmoakustik dalğalar neft quyusunun borusuna çatanda seysmoakustik küyə çevrilir. Bu küy çox böyük səs sürəti ilə yerin səthinə gəlir. Bu zaman bizim stansiyada quraşdırılan hidrofonlar küyü qeyd edir. Küylərin analizi texnologiyası əsasında bu küyləri analiz etmək mümkündür".

T. Əliyev deyib ki, bu stansiyalardan istifadə etməklə gələcəkdə Azərbaycanda baş verən zəlzələlərin proqnozu aparılacaq: "Hazırda belə bir stansiya Şirvan şəhərində də quraşdırılır. Hələlik bu stansiya istismara verilməyib. Üçüncü stansiya isə Siyəzən rayonunda quraşdırılır. Dördüncü stansiya isə Naftalan-Goranboy zonasında olacaq. Bu dörd stansiya istifadəyə verildikdən sonra zəlzələləri qabaqcadan proqnozlaşdırmaqla yanaşı, zəlzələlərin yerini və koordinatlarını da deyə biləcəyik".

Elm hər zamankı kimi öz sözünü deyir.

Tofiq Əliyev

O.M.