Sürücülər Nazirlər Kabinetinin qarşısında aksiya keçirib

Sürücülər Nazirlər Kabinetinin qarşısında aksiya keçirib

20 İyun 2011 17:10
659
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün 100-dən artıq yanacaq daşıyan maşının sürücüsü Nazirlər Kabinetinin qarşısına toplaşıb. ANS TV-nin məlumatına görə, aksiyanın səbəbi Naxçıvana gedən yanacaqdolduran maşınların Biləsuvarda sərhəddən buraxılmamasıdır.

"20 gündür ki, bizi Biləsuvardan buraxmırlar. Qalmışıq ac-susuz. Biz yanacaq daşıya bilmədiyimizə görə rayonlarda əkin-bikin böyrü üstə qalıb. Ermənistan yolları oradan bağlayıb, bunlar da buradan", - deyə İlqar İmanov şikayətlənib.

I Qarabağ müharibəsindən bu yana blokada şəraitində yaşayan naxçıvanlıların yanacağını təmin etməyin yalnız bir yolu var. Bakı-İran-Naxçıvan marşrutu istiqamətində daşınma. Məhz 21 ildir ki, Naxçıvanda istifadə olunan yanacaq bu marşrutla 800 kilometr yolu qət edəndən sonra onların istifadəsinə verilir. Bakıdan yanacaq dolu maşın gəlirsə, deməli Naxçıvanda maşın da gedəcək, kəndlilərin işi də.

Nazirlər Kabineti qarşısında etirazlarını bildirən sürücülərin sözlərinə görə, indi yanacaqla dolu 25 tonluq maşınların hamısı Biləsuvar sərhəd məntəqəsində qalıb. Maşın karvanının 20 gün ərzində yayın istisində qalaraq qızması sürücülərin bu işdən götürə biləcəkləri gəlirin yavaş-yavaş külə dönməsi deməkdir. Odur ki, indi onlar bu işdən götürəcəkləri xeyirin miqdarını deyil, ziyanını hesablayırlar. Çünki 200 manat xeyir götürəcəkləri iş 20 günün içində ciblərinə 500 manata yaxın ziyan vurub.

Sürücülər baş verənlərin səbəbini öyrənmək üçün bütün qurumlara müraciət edib. Tutarlı cavab almayınca paytaxta üz tutub, etirazlarını bu yolla bildirməyi qərarlaşdırıblar.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənovla əlaqə saxladıq. Nazirlik rəsmisi qurum tərəfindən sürücülərə heç bir problem yaradılmadığını bildirib. Onun sözlərinə görə, müraciət Gömrük Komitəsinə ünvanlanmalıdır. Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə öz növbəsində problemin səbəblərini araşdıracağını qeyd edib.

Yanacaqdolduran maşınların sürücülərinin səbir kasası doldu.

Tofiq Əliyev

O.M.