2013-cü ildə isə ölkə ərazisinin 99 faizində rəqəmsal yayım həyata keçiriləcək

2013-cü ildə isə ölkə ərazisinin 99 faizində rəqəmsal yayım həyata keçiriləcək

20 İyun 2011 16:17
780
Bəyəndim (0) Bəyənmədim (0)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Teleradio İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov bildirib ki, bu ilin sonuna qədər Azərbaycan ərazisinin 70-80 faizində rəqəmsal televiziya yayımı tətbiq olunacaq. Onun sözlərinə görə, ölkənin şimal bölgəsini rəqəmsal televiziya ilə təmin etmək və analoq efir yayımını daha da gücləndirmək üçün hazırda Quba rayonunda 73 metr hündürlüyündə yeni televiziya qülləsi və texniki bina tikilir. Yeni qüllənin bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

M. Abbasov deyib ki, Ağsu televiziya stansiyasında bu ilin sonuna qədər rəqəmsal televiziya ötürücüsü quraşdırmaqla 12-15 rayonda rəqəmsal yayımı tətbiq etmək mümkün olacaq. Hazırda rəqəmsal televiziya yayımı Gəncədə, Lerikdə, Şirvanda olan televiziya stansiyaları vasitəsilə sözügedən rayonları və ətraf əraziləri əhatə edir. Bu ilin noyabr ayına qədər isə Naxçıvan Muxtar Respublikasında rəqəmsal televiziya yayımı başlanacaq. Bununla da bu ilin sonuna qədər ölkə ərazisinin 70-80 faizi rəqəmsal yayımla əhatə olunacaq.

Texniki direktorun sözlərinə görə, Bakıdakı televiziya qülləsinin texniki göstəriciləri rəqəmsal yayım üçün yetərlidir: "Bu qüllə nəinki bir, hətta bir necə rəqəmsal yayımı da həyata keçirməyə qadirdir. Ona görə də Bakıda əlavə qüllə tikməyə ehtiyac yoxdur".

M. Abbasov qeyd edib ki, Azərbaycan Nazirlər Kabinetinin respublikada rəqəmsal televiziya yayımının tətbiqi üzrə bu il fevralın 10-u tarixli 26 nömrəli sərəncamına əsasən, gələn il ölkədə rəqəmsal yayımla bağlı işlərin birinci hissəsi başa çatdırılacaq, 2013-cü ildə isə Azərbaycan ərazisinin 99 faizində rəqəmsal yayım həyata keçiriləcək.

Tofiq Əliyev

O.M.