Bu gün Milli İnsan Hüquqları günüdür

Bu gün Milli İnsan Hüquqları günüdür

18 İyun 2011 13:30
Bəyəndim (0) Bəyənmədim (0)
Hüquqlarınızı bilin ki, qoruya biləsiniz...

Bu gün - 18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur.

Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq, Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib. Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarılıb. Konstitusiyada əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib.
Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamıdır.
2001-ci il dekabrın 28-də isə Milli Məclis "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılıb. 2002-ci il martın 5-də ulu öndər Heydər Əliyev "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. Azərbaycanın ilk ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclisdə Prezident Heydər Əliyevin təqdim etdiyi üç namizəd arasından 111 səslə seçilib.

Hüquqlarınızı bilin ki, qoruya biləsiniz...

Könül Aypara

O.M.