Mətbuat Şurası sıralarına yeni üzvlər qəbul olunub
Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. MŞ sədri Əflatun Amaşov gündəliyə təklif olunan məsələlər barədə İH üzvlərinə məlumat verib. Gündəliyə 4 məsələnin daxil edilməsi qərara alınıb.
Əvvəlcə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu məsələsinə
baxılıb. Prosedur qaydalara əsasən Şuraya bununla əlaqədar müraciət edən kütləvi
informasiya vasitələrinin rəhbərləri həmin KİV-lərin fəaliyyəti barədə arayış verib,
sualları cavablandırıblar. Müzakirələrdən sonra "İqtisadiyyat" və "Gəncənin səsi"
(Gəncə şəhəri) qəzetləri, "Vision of Azerbaijan" jurnalı, "Salamnews" və "Sosial"
İnformasiya Agentlikləri MŞ sıralarına qəbul olunublar.
Sonra Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının və
Şikayətlər üzrə Komissiyanın rəyləri əsasında qərarların qəbulu ilə bağlı
müzakirələr aparılıb. Şuranın İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş
redaktoru Vüqar Rəhimzadə başçılıq etdiyi "Reket jurnalistika"ya qarşı mübarizə
Komissiyanın 13 iyun 2011-ci il tarixli iclasının rəyləri barədə məlumat verib.
O, üç qəzetin "reket nəşr" adlandırılaraq Mətbuat Şurasının "qara siyahı"sına
salınması üçün ciddi əsasların olduğunu qeyd edib. İH üzvləri müvafiq rəyləri və
sənədləri nəzərdən keçirərək komissiyanın təkliflərinə yekdilliklə səs veriblər.
Beləliklə "Sağlamlıq keşiyində", "Əyalətin səsi" və "Vətəndaş haqqı" qəzetlərinin
də adlarının Şuranın "qara siyahı"sında yer alması razılığına gəlinib.
İclasda MŞ-nin Şikayətlər üzrə Komissiyasının rəyləri əsas götürülərək "Ağdam"
və "Azərbaycan cəmiyyəti" qəzetlərinə Mətbuat Şurasının xəbərdarlığı olunub.
Əyalət qəzeti ilə bağlı məsələyə baxılarkən məlumat verilib ki, Ağdam Rayon
İcra Hakimiyyəti təsisçilərindən olduğu həmin mətbu nəşrlə bağlı MŞ-nin tövsiyə
xarakterli məktubunu müzakirə edib. İcra hakimiyyətindən Şuraya daxil olan
cavabda bildirilib ki, məsələ qəzetin redaktoru Bəxşeyiş Hətəmlinin iştirakı ilə
geniş müzakirə olunub və mətbu nəşrdə etik normaların pozulmasına yol verdiyi
üçün ona RİH-in xəbərdarlığı edilib. İdarə Heyəti məktubu məsələyə prinsipial yanaşma
nümunəsi kimi dəyərləndirib. İH-nin "İşgüzar", "Yeni səhər" və "Cənub xəbərləri"
(Masallı) qəzetləri ilə bağlı qərarlarında isə həmin nəşrlərdə "Azərbaycan Jurnalistlərinin
Peşə Davranışı Qaydaları"nın bir sıra bəndlərinin tələblərinə sayğısız
yanaşdığı bildirilib.
Növbəti məsələdə milli mətbuatımızın 136-cı ildönümünün qeyd olunması ətrafında
diskussiyalar gedib. Qərara alınıb ki, bu məqsədlə Bakı şəhərində olduğu kimi
bölgələrdə də tədbirlər keçirilsin. Səslənən təkliflər sırasında müxtəlif
tematik regional tədbirlərin reallaşdırılması məqsədəmüvafiq sayılıb.
Cari məsələdə amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi
Silya Devisin Bakıda naməlum şəxslər tərəfindən təzyiqə məruz qalmaları müzakirə
olunub. İH üzvləri xarici ölkə vətəndaşlarına yönələn zorakılıq faktını pisləyiblər.
Bunu ölkəmiz barədə mənfi fikir yaratmağa yönələn təxribat xarakterli əməl kimi
dəyərləndiriblər. Qərara alınıb ki, hadisəni törədənlərin tezliklə tapılıb
qanuna müvafiq surətdə cəzalandırılmaları üçün MŞ hüquq-mühafizə orqanlarına
müraciət ünvanlasın.
İclasda Şuranın Ahıl Jurnalistlər Məclisinin ötən əsrin 60-cı illərinin
jurnalistləri ilə görüş təşkili təklifi razılıqla qarşılanıb. Tədbirin iyunun
sonunadək reallaşdırılması istiqamətində iş aparılması məqsədəuyğun sayılıb.
Toplantıda həmçinin Mətbuat Şurasının ötən il təsis etdiyi Ali Media
Mükafatının laureatlarının müəyyənləşdirilməsi istiqamətində işlərə başlanması
da qərara alınıb.
Mətbuat 4-cü hakimiyyətdir. Hakimiyyətin sıraları möhkəmlənməkdədir...
Hafiz Əhmədov
O.M.