Hərbi hospitalın vəzifəli şəxsləri barəsində cinayət işi

Hərbi hospitalın vəzifəli şəxsləri barəsində cinayət işi

17 İyun 2011 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin Bayıl qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsinin - hospitalının vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, deputat Çingiz Qənizadənin APA-ya verdiyi məlumata görə, bir qrup şəxs hospitaldan qanunsuz olaraq işdən çıxarılma və hospitalın rəisi Rəna Hacıyevanın qanuna zidd əməlləri ilə bağlı ona şikayət edib: "Şikayətçilər bildirib ki, hospital rəisi 20-dən artıq hərbi həkim və texniki işçini əsassız olaraq işindən kənarlaşdırıb, habelə digər qanunsuz hərəkətlərə yol verib".

Ç. Qənizadə bununla əlaqədar respublika hərbi prokuroruna müraciət etdiyini deyib: "Respublika Hərbi Prokurorluğunun Bakı Hərbi Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mahir Əliyevin imzası ilə şikayətçilərə cavab məktubu göndərilib. Məktubda hərbi hospitalın vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 341.1-ci (Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda) maddəsi ilə cinayət işi başlanması və istintaq aparılması üçün Bakı Hərbi Prokurorluğuna göndərilməsi barədə məlumat verilib".

Ç. Qənizadə əsassız olaraq işdən azad olunan şəxslərin hüquqlarının bərpa ediləcəyinə ümid etdiyini də deyib.

Əsassız şəkildə işdən azad olunanların şikayətinə əsaslı şəkildə baxılacaq.

Tofiq Əliyev

O.M.