Bəzi cəzaçəkmə müəssisələrinin rəhbərləri təqaüdə göndərilib

Bəzi cəzaçəkmə müəssisələrinin rəhbərləri təqaüdə göndərilib

14 İyun 2011 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Penitensiar Xidmətin rəisi Mədət Quliyev öz açıqlamasında qeyd edib ki, Ədliyyə Nazirliyi tərəfindən 7 cəzaçəkmə müəssisəsi tikilir və yaxın vaxtlarda qadınlar üçün tikilən cəzaçəkmə müəssisəsi istifadə veriləcək.

Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən cəzaçəkmə müəssisələri lazımi vəsaitlə təmin olunur: "Biz də çalışırıq ki, həmin vəsait lazım olan yerə xərclənsin".

M. Quliyev ilkin olaraq Şəki, Gəncə və Bakıda tikilən cəzaçəkmə müəssisələrinin təhvil veriləcəyini deyib: "Qobustan həbsxanası tələblərə cavab vermir. Həm də Qobustan qoruğu ərazisində yerləşdiyinə görə tezliklə başqa yerə köçürüləcək".

M. Quliyev bildirib ki, bəzi cəzaçəkmə müəssisələrinin rəhbərləri xidməti vəzifələrini yerinə yetirə bilmədikləri üçün təqaüdə göndərilib: "10-a yaxın cəzaçəkmə müəssisəsinin rəhbəri təqaüdə göndərilib. Bu, yaş həddi ilə deyil, xidməti vəzifələrini düzgün yerinə yetirə bilmədikləri ilə bağlıdır. Bəziləri Penitensiar Xidmətin adına ləkə gətirən hərəkətlərə yol verdikləri üçün vəzifələrindən azad olunublar. Qobustan həbsxanasında da rüşvətxorluqla bağlı prokurorluq tərəfindən araşdırma aparılır və düzgün qərar veriləcək".

Vəzifələrini düzgün yerinə yetirə bilməyən cəzaçəkmə müəssisələrinin rəhbərləri cəzalandırıldılar.

Tofiq Əliyev

O.M.