Ailə quranlardan tibbi arayışın tələb olunması müzakirəyə çıxarılır

Ailə quranlardan tibbi arayışın tələb olunması müzakirəyə çıxarılır

27 Avqust 2014 15:11
386
Bəyəndim (0) Bəyənmədim (0)

Saxta arayış təqdim edənlər və yaxud saxta arayışı qəbul edənlər cinayət məsuliyyəti daşıyacaqlar

Azərbaycanda nikaha girənlərdən tibbi arayışın tələb olması ilə bağlı qanunvericiliyə dəyişiklik Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Milli Məclisin Sosial siyasət komitəsindən apa -ya verilən məlumata görə, Ailə Məcəlləsinə, İnzibati Xətalar və Cinayət məcəllələrinə ediləcək dəyişikliklərdə nikaha girənlərin saxta arayışlar təqdim etməsi və onların qəbuluna qarşı cəzalar da nəzərdə tutulur.

Layihə üzərində işlər tamamlanıb və payız sessiyasının gündəliyinə salınması planlaşdırılır. Layihədə nikaha girən hər iki şəxs tərəfindən sağlamlıqları haqqında tibbi arayışın təqdim olunması məcburi olaraq göstərilir. Sənəddə, həmçinin həkimin məsuliyyəti bir daha vurğulanır, VVAQ şöbəsinin konfidensiallığının qorumasının vacibliyi qeyd olunur.

Dəyişikliyə görə, nikaha daxil olan şəxslər bir-birlərinin sağlamlıq vəziyyəti barədə məlumat əldə etmək məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəliklər üzrə tibbi müayinədən keçmələri haqqında arayış təqdim etməlidirlər. Öz növbəsində bu qurum nikah qeydiyyata alınmazdan əvvəl tərəfləri tibbi müayinə haqqında arayışın nəticələri ilə tanış edir. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamağa borclu sayılırlar. Həmin şəxslər bu məlumatların açıqlanmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsi yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək. Nikaha girənlərdən biri siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş xəstəliklərin olmasını gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Saxta arayış təqdim edənlər və yaxud saxta arayışı qəbul edənlər cinayət məsuliyyəti daşıyacaqlar.

Mediainfo.az